Onların "Neftçi”də milli mentalitetə tüpürmək hüququ yoxdu!

27 Noyabr 2019 00:28 Neftçi 980
Onların "Neftçi”də milli mentalitetə tüpürmək hüququ yoxdu!

Noyabrın 1-də keçirilən "Neftçi” – "Qarabağ” matçında qol görməyən futbolsevərlər ilk baxışdan xırda qələtə bənzəyən böyük rəzalətə şahidlik etdi.

Hə, söhbət həmin görüntüdən gedir... "Neftçi”nin tərcüməçisinin daxili mübarizədə rəqibsiz qalan ağdamlıların vımpelini altına qoymasından...

Klub rəsmisi Vüqar Əliyevin "Qarabağ”ın kiçik ölçülü bayrağından "qrelka” əvəzinə istifadə etməsini işıqlandırmaq bizim, sayğısızlığa görə üzrxahlıq etmək "Neftçi” rəhbərliyinin işi idi.

Həmin biabırçılıqdan düz 25 gün sonra səriştəsiz rəhbərliyin susmaqla işi bitmiş saydığını sezib rəsmi mövqe də öyrəndik. Klubun sözçüsü rəhbərliyin Vüqar Əliyevə "qrelka” ilə vımpelin fərqini xatırlatdığını söylədi. Bu da oldu o boyda "Neftçi”nin bu boyda qələti rəndələmək çabası...

Hara yozsaq da, hadisələrin inkişaf ardıcıllığından bircə nəticəyə gəlmək olur: Ya rəhbərlik həmişə özündən öndə duran "Qarabağ”a qarşı xüsusi qisas hissi ilə alışıb yandığı üçün bu rəzaləti haqlı mübarizə üsulu sayır, ya da tərcüməçidən qorxur.

Hər iki halda işin içindən "Sumqayıt”dan "qoparılıb” Bakı klubuna "yapışdırılan” prezidentin – Kamran Quliyevin xarizmasız çöhrəsi boylanır.

Əfəndim, ara uşaqlarına xas təkəbbürün saçını yaxşı darayıb pis oynayan futbolçuda olması normaldı. Lap tərcüməçinin də çox dil bildiyinə görə belə desək, proqramı pozula bilər. Ancaq heç kimin - nə başqan Quliyevin, nə vitse-prezidentin atasının malı olmayan "Neftçi”də milli mentalitetə tüpürmək hüququ yoxdu...

Ən azı rəsmi sayt vasitəsi ilə isti üzrxahlıq vacib idi ki, buna da ehtiyac duyulmadı. Xalq ölkənin ən qocaman klubunda gününü keçirənlərin nə dərəcədə cılız təfəkkürə sahib olduğunu növbəti dəfə gördü. Bu psixologiya ilə "Qarabağ”a aşağıdan yuxarı baxmaq əbədi alın yazınızdı. O yazını Tanrı yox, öz cılız barmaqlarınızla özünüz yazırsız. Yazıqlar olsun... (fanat.az).

Digər Xəbərlər
Xəbər Lenti