"Neftçi" rəhbərliyinin Afrika sevgisi – QARANLIQ İŞ

18 Noyabr 2019 18:05 Neftçi 1 263
"Neftçi" rəhbərliyinin Afrika sevgisi – QARANLIQ İŞ

"Neftçi" ötən həftə baxışa yeni futbolçunu - Yamussa Kamaranı gətirib. 19 yaşlı hücumameylli yarımmüdafiəçi Qvineyada "Seynt Marie”nin akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış edib.

O, bu ölkənin U-16, U-20 və U-23 millilərinin formasını geyinib. Məşqçilər korpusu onun haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Kamara son 2 ildə "Neftçi"yə dəvət alan ikinci qvineyalıdır. Bakılılar 2018-ci ilin dekabrında Mamadu Kane ilə 3 illik müqavilə bağlayıb. Həmin ilin oktyabrın 15-dən "Neftçi”də baxışda olan 22 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir.

Bundan əvvəl "Kalum Star”ın üzvü olmuş Mamadu bu ölkənin 20 yaşadək futbolçulardan ibarət millisinin formasını geyinib və dünya çempionatında iştirak edib.

Artıq "Neftçi" Mamadu Kane ilə bağlı mövqeyini müəyyənləşdirib. Paytaxt təmsilçisi qvineyalı yarımmüdafiəçini satmağa hazır olması barədə menecerləri məlumatlandırıb. Ötən mövsümdən etibarən "ağ-qaralar"ın şərəfini qoruyan 22 yaşlı legionerin satış qiyməti 350 min dollardan başlayır.

Hazırda bir neçə xarici klub Kane ilə maraqlanır. Futbolçuya Rusiya, Türkiyə, BƏƏ, İsrail və Ukraynadan təkliflər gəlib. Afrikalı legioner "Neftçi"nin ən az ödənişli futbolçularından biridir. O, Roberto Bordinin öz seçimi deyil. Baş məşqçi Kaneni idman direktoru Ceyhun Sultanovun təkidi ilə komandaya götürüb.

Yamussa Kamara da Ceyhun Sultanovun xətti ilə Azərbaycanın yolunu tapıb. Klubda idman direktorundan daha çox, menecer kimi çalışan bu şəxs "Kalum Star”dan olan həmkarları ilə işbirliyi qurub.

Razılaşma belədir ki, bakılılar onları sonradan üçüncü kluba satarsa, alınacaq pulun bir hissəsi "Kalum Star”a çatacaq. Qarşıdakı həftələrdə "Qara qitə"dən daha bir neçə gənc futbolçunun paytaxtımıza bilet alması gözlənilir.

Şübhə yoxdur ki, bu planı Kamran Quliyev işləməyib. Klub prezidentinin bu kimi məsələlərdə səriştəsi yoxdur. O, sadəcə, yaxşı pul saymağı və gizlətməyi bacarır. Hörmətli Kamran bəyə sakit və qısa yolla pul qazanmağın yollarını öyrədən isə Sultanovdur.

Olmazdı ki, azərbaycanlı gəncləri, elə "Neftçi"nin şinelindən çıxanlara üzə çıxarıb, Avropa bazarına təklif eləsinlər? Axı, "Neftçi"də belə futbolçular həmişə yetişib və bu gün də yetişir.

Gənclər Liqasında, əvəzedici heyətdə çıxış edən cavanlar içərisində 2-3 nəfər yoxdur ki, Quliyevlə Sultanov perspektivinə inansın, irəli çəksin? Belədisə, ayda 10 min dollar maaşı Mik Bennetə niyə yedizdirirlər? Təkcə ondan ötrü ki, bu britaniyalı koordinatoru işlə təmin etmək tapşırığını ağaları Elxan Məmmədovdan alıblar?

Sözsüz, AFFA-nın baş katibin əmrini qeyd-şərtsiz yerinə yetirmək bu gün Kamran Quliyev üçün hər şeydən önəmlidir. Çünki yeni barışıblar, münasibətləri əvvəlki səviyyəsinə qaytarmaqdan yana o, çox çalışır. Taleyi Məmmədovun əlindədir. Bir də üzünə ağ olsa, bilir ki, bu dəfə bağışlanmayacaq.

İşin içində başqa bir "səbəb" də gizlənir. Sultanov Quliyevə başa salıb ki, Azərbaycanda heç kimin tanımadığı afrikalı menecerlərin vasitəsilə babat pul qazanmaq mümkündür.

"İkinci əl" vasitəsilə gələn legioneri sonradan nisbətən imkanlı kluba satanda, tərəflərə yaxşı pul qalır və onu bölüşdürmək çətinlik yaratmır. Bunu nə dil bilir, nə dodaq.

Azərbaycanlı gənclə bu "əməliyyat"ı həyata keçirmək təhlükəlidir. Aralarında nəvaxtsa narazılıq yarandısa, bir gün hamı bütün gizlinlərdən xəbər tutacaq. Futbolçunun ya özü, ya valideyni, ya da yeni tanış olduğu başqa menecer olanları mətbuata sızdıracaq.

Quliyevlə Sultanova lazımdımı bu? Axı bu cütlüyün məqsədi başqadır, həm də cibə "işləmək"dir. Ona görə də Kane və Kamara kimi legionerlərin timsalında Afrika futboluna həvəslə "xidmət göstərirlər".

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti