Mikayıl İsmayılov "Neftçi"də "kələfin ucunu" axtarır- ÜZLƏŞDİRMƏ TƏLƏB EDİR

23 Oktyabr 2019 21:40 Neftçi 1 718
Mikayıl İsmayılov "Neftçi"də "kələfin ucunu" axtarır- ÜZLƏŞDİRMƏ TƏLƏB EDİR

"Neftçi"nin təsisçilərinin klubun prezidenti Kamran Quliyevlə idman direktoru Ceyhun Sultanova inamı sarsılıb. Komandanın Premyer Liqanın son 3 turunda qələbə qazanması da bu iki şəxsə münasibəti dəyişdirməyib.

Sportinfo.az-ın məlumatına görə, Mikayıl İsmayılov son ilyarımda transferlərə xərclənən maliyyənin hesabatının hazırlanmasını tələb edib.

SOCAR-ın vitse-prezidenti Roberto Bordinin Müşahidə Şurasının üzvləri vasitəsilə ona etdiyi şikayətdən sonra bu göstərişi verib. Baş məşqçi klub rəsmilərinin ona rahat çalışmaq imkan vermədiyini, hər işinə qarışdığını və seleksiya məsələsində söz sahibi olmadığını deyib.

İtalyan mütəxəssis xüsusilə qeyd edib ki, yayda transfer olunan futbolçular barədə onun rəyi nəzərə alınmayıb. Bordin transferini istədiyi legionerlərin müxtəlif bəhanələrlə Azərbaycana gətirilmədiyini söyləyib.

Onun sözlərinə görə, Kamran Quliyev idman direktorunun diqtəsiylə oturub-durur və prezident olaraq öz səlahiyyətlərindən istifadə edə bilmir. Baş məşqçinin fikirləri Mikayıl İsmayılovda yaranmış şübhələri bir qədər də artrıb.

Təsisçi müxtəlif kanallarla dəqiqləşdirib ki, rəsmilər yalnız özlərinə yaxın menecer qrupu ilə çalışır, başqa heç kimi yaxına buraxmır. Hətta AFFA-nın tövsiyə etdiyi agentlər də qapı arxasında saxlanılır. Neft şirkətinin "Neftçi" üzrə bir nömrəli şəxsi daha bir kələfin ucunu tapmağa çalışır.

O, bu ilin qışında və yayında komandadan ayrılan legionerlərin menecerlərinin Bakıya dəvət olunmasını və klub nümayəndələri ilə üzləşdirilməsini tapşırıb. Buna səbəb isə Slavko Braliç və Qoran Paratskiyə yaxın agentlərin "Neftçi"nin idarəçiləri barədə SOCAR-a ötürdüyü informasiyalardır.

Digər Xəbərlər
Xəbər Lenti