Bordin onu "Neftçi"dən göndərir, rəhbərlik qoymur

22 Oktyabr 2019 15:06 Neftçi 1 401
Bordin onu "Neftçi"dən göndərir, rəhbərlik qoymur

“Neftçi”nin legioneri Evangelos Platellas qışda Azərbaycandan ayrılmaq istəyir. Sportinfo.az-ın məlumatına görə, yunanıstanlı futbolçu bu məqsədlə klub rəhbərliyi ilə görüşüb.

Cari mövsümdə əsas heyətdə yerini itirən legioner Roberto Bordindən şikayət edib. O, italyan baş məşqçinin komanda daxilində ayrı-seçkiliyə yol verdiyini, oyunlarda yalnız özünün simpatiya bəslədiyi əcnəbi futbolçulara şans verdiyini söyləyib.

"Zirə" ilə son Premyer Liqa matçının 70-ci dəqiqəsində Dario Federikonun əvəzinə meydana daxil olan və Stiven Monrozun vurduğu son qolun pasını verən Platellasın niyyəti ölkəsinə qayıtmaqdır.

Bu ilin yanvarında “Neftçi” ilə 1,5 illik müqavilə bağlayan yunan futbolçu bir sıra klubların hədəfində olduğunu gizlətməyib. Lakin klub rəsmiləri ona gözləməyi məsləhət görüb. Platellasa etiraf olunub ki, Bordinin burada qalıb-qalmayacağı hələ tam dəqiqləşməyib və gələcəyi növbəti turlardan asılıdır.

“Metropolis 95.5 FM” radiosuna açıqlama verən 31 yaşlı yarımmüdafiəçinin dediklərinə də diqqət yetirməyə dəyər: “Yunanıstan üçün darıxıram. Əlbəttə, xaricdə çıxış etməyin müsbət tərəfləri var. Ancaq özümüzünkülər üçün darıxıram.

Hərçənd Bakı yüksəlişdə olan, bir neçə il sonra daha da inkişaf edəcək bir şəhərdir. Azərbaycanlılar çox qonaqpərvərdirlər və klubum bu məsələlərdə mənə kömək etdi. Hər zaman yanımda yardım edəcək bir nəfər olur. Bura gəlməyi ən yaxşı seçim sayıram.

Çünki Yunanıstanda bəzi insanlar bizə hörmət etmirlər. Xoşbəxtəm. Maliyyə baxımdan problem yoxdur. Heç kim bununla bağlı çətinlik çəkmir. Klubun sponsorları var və hamı bilir ki, pulu batmayacaq”.

Platellas sabiq komandası “Aris”ə dönmək ehtimalına da toxunub: “Aris” ötənilki kimi çıxış etmir, komandada stabillik çatmır. Yeni baş məşqçiləri var və daha yaxşı oynayacaqlar. Heyətdə hər bir mövqe üzrə yaxşı oyunçular var.

Mənim mövqeyim boş olsaydı, başqa məsələ - orada ola bilərdim. Karyeram pis alınmayıb. Uşaq yaşlarımdan futbolçu olmaq istəyirdim.

İnanıram ki, nə qədər çox məşq etsən, bir o qədər də uzun müddət oynaya bilərsən. Millidə oynamaq? Sinəndə gerblə çıxış etmək önəmlidi, böyük qürurdu. Əgər sizdə Karaqunis, Dellas, Basinas kimi istək, əzm yoxdursa, alınmaz”.

Yunan futbolçu Azərbaycan çempionatında “Qarabağ”la rəqabətdən danışarkən, ötən mövsüm bu komandanı məğlub etdikərini, lakin sonluğun istədikəri kimi alınmadığını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu