"Neftçi"nin prezidenti futbolçuların özbaşınalığına göz yumursa…

15 Oktyabr 2019 19:32 Neftçi 1 190
"Neftçi"nin prezidenti futbolçuların özbaşınalığına göz yumursa…

Həftəsonu Premyer Liqada ikinci dövrəyə start veriləcək. "Neftçi" oktyabrın 20-də "Zirə"ni qəbul edəcək. İlk dövrənin son 2 turunda əldə olunan qələbə "ağ-qaralar"ı turnir cədvəlinin 3-cü sırasına yüksəldib. Düşərgədə həyatın öz axarına dönməsini söyləmək isə hələ çox tezdir.

Komandanın ötən 2 həftədə nisbətən özünə gəlməsində Çingiz Abdullayevin rolu danılmazdır. Müşahidə Şurasının sədrinin keçirdiyi iclas və Roberto Bordinlə görüşün ardınca futbolçuların maaş borcunun ödənilməsi müəyyən canlanmaya səbəb olub.

Lakin köklü problemlərin əsas hissəsi hələ də həllini tapmayıb. Prezidentlə baş məşqçinin arasındakı "soyuqluq", o cümlədən, idman direktoru Ceyhun Sultanovun bu ixtifada Kamran Quliyevin tərəfini saxlaması kollektivi bir neçə yerə parçalayıb.

Komanda üzvləri rəhbərliyin Bordini görmək istəməməsindən və onu istefaya göndərməyə hazırlaşmasından duyuq düşüb. Onlara səlahiyyət verilsə, nə Quliyevlə, nə də italyan çalışdırıcıyla işləyərlər. Başqa əlacları yoxdur, bu "soyuq müharibə"nin final fitinin çalınmasını gözləyirlər.

Ümumiyyətlə, "Neftçi" cəbhəsində dəhşətli dərəcədə inamsızlıq, başıpozuqluq, nizamsız hərəkətlilik var ki… "Bney Yehuda" ilə Avroliqa oyunlarından sonra başlayan daxili çəkişmə və didişmə paytaxt klubunun atmosferini korlayıb. Bundan istifadə edən futbolçular az deyil.

Məsələn, bugünlərdə xəbər verdik ki, Anton Krivotsyuk dilinin bəlasına düşüb. "Neftçi"nin gənc futbolçusu şəxsi zəmində ciddi problemlə üzləşib. Milliləşdirilən ukraynalı oyunçu Xətai rayonu ərazisində "Alyans" Yaşayış Kompleksində qalmaqala səbəb olub. İçkili halda yaşadığı binaya daxil olan Anton liftdə rastlaşdığı bir xanıma söz atıb. Sərxoş Krivotsyuk qadının liftə minməsinə mane olmağa çalışıb.

Zərif cins nümayəndəsini onu kənara itələdikdə "Neftçi"nin üzvü onun saçına əl atıb. Krivotsyuk bütün etik normaları aşaraq qarşısındakı xanıma "neyləyirsən, o əri? Boşan ondan, gəl, mənimlə yaşa" deyib.

Qadının qışqırığı bütün binanı ayağa qaldırıb. İnsanların toplaşmasını görən Anton qaçaraq hadisə yerindən uzaqlaşıb. Qorxusundan bir neçə gecəni başqa yerdə keçirən futbolçu yalnız bir müddət sonra oraya dönüb. Bina sakinləri onun həmin qadından üzr istəməsini tələb edib və Anton bu tələbi yerinə yetirib.

Nizam-intizamın "axsadığı" "Neftçi"nin düşərgəsindən son günlərdə daha bir futboldankənar xəbər çıxıb. "Ağ-qaralar"ın hücumçusu Baqali Dabo gecə klubunda bir xanımla tanış olmaq istəyib. 31 yaşlı fransız bunun müqabilində qarşı tərəfə 1800 manat pul ödəyib. Belə ki, gecə həyatından qalmayan legioner qadından telefon nömrəsini istəyib. Qarşı tərəfdən "Bəyəndiyim telefonu al, sonra nömrəmi götür" sözünü eşidən Dabo 1000 dollar pul verib.

Maraqlıdır ki, Dabo Bakıda kifayət qədər bahalı və məşhur yaşayış məkanında tək yox, həyat yoldaşı - türk əsilli fransız Tuğba ilə birlikdə yaşayır. Xanımının xəbərə reaksiyasını proqnozlaşdırmaq çətin olmasa da, bu, fransızın ilk belə "işi" deyil. Gecə həyatını, adətən, komanda yoldaşı Soni Mustivarla birlikdə keçirən forvard klub rəhbərliyinin də dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymur.

Bu siyahıa Stiven Monrozu da daxil edə bilərik. Yayda "Qəbələ"dən gələn fransalı ən elitar restoran və barların daimi müştərisidir. Onun maşınını çox vaxt saat 23-dən sonra belə istirahət və əyləncə mərkəzlərinin önündə görmək olar. Bu mənada Dario Federiko da digər əcnəbilərdən geri qalmır. Cari ilin əvvəlində "Neftçi"dən qalmaqalla ayrılan və yayda şübhəli şəkildə geri qaytarılan braziliyalı özünü çox "ərköyün" aparır və ona elə gəlir ki, bu, belə də olmalıdır. Yaxın tarixdə aşağıladığı rəhbərlik tərəfindən ikinci dəfə qəbul görmüş braziliyalını axı necə qınayasan? Kamran Quliyev "Neftçi"nin adına hörmət qoymursa, Dario və ya bir başqasından bundan artıq nə gözləyək? Həqiqətən də Quliyev başını itirib. Günbəgün hörmətdən düşür. Prezident kimi özünü apara bilmədiyindən, nə Bordin onu ciddiyə alır, nə də futbolçular. İçində rəhbər qorxusu yaşayan oyunçu(lar), heç şübhəsiz, oturuşuna və duruşuna, hərəkətinə, bir sözlə, hər addımına, getdiyi yerə diqqət yetirər, şərəfini qoruduğu klubun imicinə xələl gətirmək istəməz. "Neftçi"nin legionerləri bunun əksini edir. Demək ki, üstlərində nəzarət sıfırdır, Kamran Quliyevin başı qarışıb Bordinə, futbolçuları buraxıb başlı-başına.

Adətən, bu tip olaylar idarəçiləri oyunçuların yanında "gözükölgəli" olan klublara xasdır. Rəsmilərin dili uzundusa, niyə geyindikləri formanın dəyərini bilməyənləri, min oyundan çıxanları cəzalandırmasınlar ki? Çox şeydən bixəbər azarkeş nəticə həsrətiylə qovrulur, sızlayır. "Neftçi" tərəfdarı çempionluq arzusundadır, prezident və əhatəsi isə yeni qazanc mənbələrinin sorağında. Bordini yola salsınlar, sonra transfer bazarından növbəti "əmlik quzular" sifariş versinlər. "Neftçi" fanatını düşünmək, onu razı salmaq Kamran Quliyev üçün ən axırıncı dərəcəli məsələdir.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti