"Neftçi"də gündəm: Samir Abasova təzyiq və əvəzçıxma anı

15 May 2022 15:00 Neftçi 1 009
"Neftçi"də gündəm: Samir Abasova təzyiq və əvəzçıxma anı

Premyer Liqanın 27-ci turundakı oyunların hər biri özlüyündə prinsipial əhəmiyyət daşıyacaq.

Meydana çıxacaq komandalar xal(lar) hava-su kimi vacibdir.

Hətta autsayder “Səbail” belə, sponsorların diqqətini çəkmək üçün çempion “Qarabağ”ı büdrətməyə çalışacaq.

Lakin ən gərgin və yekun nəticəsi önəm daşıyan oyun “Zirə”ylə “Neftçi”nin arasında baş tutacaq. Qəsəbədəki Olimpiya Kompleksinin meydanında baş tutacaq qarşılaşma bəzi maraqlı məqamlarla zəngindir ki, onlardan bəhs edəcəyik.

“Zirə”nin adı gələndə...
“Ağ-qaralar” “qartallar”ın vurduğu yaranı çətin unutsun. Çempionluqdan əli üzülmüş “Neftçi”nin ümidi ölkə kubokunu qazanmağa qalmışdı ki, onları mübarizədən məhz zirəlilər uzaqlaşdırdı.

Penalti zərbələri hesabına rəqibini yarımfinaldan o tərəfə getməyə qoymayan Rəşad Sadıqovun yetirmələri bununla da “Neftçi”yə göz dağı vermiş oldu.

İndi “Zirə”nin adı gələndə Samir Abasovla yetirmələrinin hansı hislər keçirdiyini anlamaq mümkün deyil.

Qonaqların bu rəqibinə çempionatda da uduzmasının nə demək olduğunu komandadakılar anlayır. “Neftçi” kubokdakı yenilginin əvəzini çıxmaq üçün qəsəbədə qələbə qazanıb, “qartallar”ın avrokubok işini çətinə salmaq haqda düşünür.

Samir Abasov üçün ikqat məsuliyyət
Samir Abasov demişkən, bu qarşılaşmanın nəticəsi onun üçün ikiqat əhəmiyyətlidir. Bir həftə əvvəl komandası “Qəbələ”yə məğlub olduğu matçdan sonra baş məşqçinin azarkeşlərin ünvanına səsləndirdiyi fikirlər hələ də gündəmdən düşməyib.

“Neftçi”nin fanatlarına mədəni formada “heç kim” damğası vuran Abasov bu oyunda tribunaların basqısı ilə üzləşəcək. Artıq bu barədə plan cızılıb. Qalır həyata keçirmək.

Oyunboyu təzyiq altında qalacaq 44 yaşlı çalışdırıcının rəhbərlik etdiyi komanda Zirədə psixoloji problemlə qarşı-qarşıya qalacaq. Bakılıların məğlub olması daxildəki vəziyyəti kifayət qədər ağırlaşdıracaq.

Hər ikisinin qələbə istəyi
Təbii, yekun nəticə meydan sahibləri üçün də kifayət qədər vacibdir. Qələbə “Neftçi” üçün əsasən daxildəki ab-havanı qorumaq baxımından önəmlidirsə, zirəlilər üçün avrokuboklara vəsiqə sarıdan vacibdir.

Sadıqovun yetirmələri meydanı məğlub tərk etsə, sonuncu tur ərəfəsində turnir cədvəlindəki vəziyyət kafi olacaq.

Qələbə avrokuboklara 100 faizlik vəsiqə anlamına gələcək, heç-heçə bu gün üçün pis nəticə sayılmayacaq. İndiki halda 3 xal “Zirə”ya hava-su kimi lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti