Vitse-prezident "Neftçi" ilə apardığı danışıqların ŞOK TƏFƏRRÜATINI AÇIQLADI

10 May 2022 16:40 Neftçi 1 912
Vitse-prezident "Neftçi" ilə apardığı danışıqların ŞOK TƏFƏRRÜATINI AÇIQLADI

"Neftçi"nin mərhum prezidenti Aqil Paşayevin 75 illiyinə həsr olunmuş oyunda klubun hazırki prezidenti Kamran Quliyevin iştirak etməməsi cəmiyyətdə haqlı narazılıq doğurub.

Bu haqda ATV-də yayımlanan "Futbolumuz" verilişində danışan tanınmış futbol eksperti Emin Abbasovun fikirləri barədə məlumat vermişdik ()https://www.sportinfo.az/idman_xeberleri/neftci/139491.html.

Məsələ ilə bağlı oyunun təşkilatçısı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) vitse-prezidenti Anar Şabanoğlunun münasibətini öyrəndik.

Müsahib "Neftçi"yə mərhum prezidentlərinin xatirə oyunu haqda öncədən məlumat verdiklərini bildirdi:

- Rəhmətlik Aqil Paşayev "Neftçi"nin və ümumiyyətlə, Azərbaycan futbolunun çox ağır dövründə fədakarlıq göstərib, şəxsi vəsaiti ilə çətin durumda olan idmanın şahı sayılan bu növün inkişafı üçün böyük töhfə verib.

Xüsusən dağılmaq ərəfəsində olan və xaos hökm sürən "Neftçi" kimi köklü klubu fəaliyyətini dayandırmaqdan xilas edib.

Əhməd Ələsgərov kimi dahi məşqçimizi Azərbaycana qaytarıb, həm "Neftçi"də, həm də milli komandamızda yeni inkişaf dövrünün təməlini qoyub.

Belə bir dəyəri 75 illiyində anmaq ən azı mənəvi borcumuz idi. Bildiyiniz kimi, AİJA dünyanın ən nüfuzlu idman jurnalistləri təşkilatı - Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) Azərbaycanda rəsmi təmsilçisidi. Bu təşkilatın hər ölkədə yalnız bir nümayəndəliyi var.

AİJA nə hansısa beynəlxalq, nə də yerli qurumdan maliyyə dəstəyi almır və buna görə, bəzən istədiyimiz layihələri həyata keçirə bilmirik. Aqil Paşayevin 75 illiyinə həsr olunmuş yubiley matçı təşəbbüsümüzü ilk olaraq Qurban Qurbanov könüldən dəstəklədi.

Qurban müəllim sağ olsun, bu işdə böyük məmnuniyyətlə yanımızda oldu və anım matçının Aqil müəllimin dövründə "Neftçi"nin bütün ev oyunların keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi üçün əlindən gələni etdi.

"Neftçi"nin veteran futbolçuları və idman jurnalistlərimiz arasında baş tutan dostluq görüşünün formaları üçün isə rəhmətlik Aqil müəllimin sayəsində bu gün də yaşayan "Neftçi" PFK ilə əlaqə saxladıq.

Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məsələ ilə bağlı klub prezidenti Kamran Quliyevlə danışıb məlumat verəcəyini dedi.

Bir gün sonra yenidən Rüstəm bəyə zəng vurduq, o, forma verə bilməyəcəklərini dedi, amma oyunda iştirak üçün dəvət etmək istədiyimiz "Neftçi"də çalışan veteran futbolçuların telefon nömrələrini verdi. Rüstəm Allahverdiyev forma olmadığını və "ağ-qaralar"ın 85 illiyində özlərinin yeni forma tikdirdiyini bildirdi.

Bu zaman mən həmin formaları tikən şirkətin əlaqə nömrəsini verməyini xahiş etdim, sağ olsun, tapıb göndərdi. Biz istəyirdik ki, bu oyunu sponsorsuz keçirək.

Amma məcbur qalıb təcili FULL içkilərinə müraciət etdik, onlar da dəstəklərini əsirgəmədi və "Neftçi"nin Aqil müəllimin dövründə 1999-da kubok qazandığı formada "Neftçi" veteranları, klubun ənənəvi "ağ-qara" formasında isə idman jurnalistləri komandası meydana çıxdı.

Biz çox istəyərdik ki, klubun indiki prezidenti Kamran Quliyev də oyuna gəlsin və dediyim kimi, klubun bu haqda öncədən məlumatı vardı, eyni zamanda, AİJA-nın rəsmi səhifələrində anons verilmişdi və Kamran müəllimin də "Neftçi"nin dəyəri olan bir şəxsin xatirəsinə həsr olunmuş bu görüşə təşrif buyuracağını gözləyirdik.

Amma oyun günü "Neftçi"nin məşqçisi Seymur Rəhimov zəng edib, Samir Abbasovla bu görüşə gələ bilməyəcəklərini dedi.

Mən ona Premyer Liqada çıxış edən bütün klubların yerli baş məşqçilərinin axşam meydana çıxacağını və yalnız "Neftçi"nin baş məşqçisinin klubun prezidentinin anım matçında olmamasının birmənalı qarşılanmayacağını bildirdim. Bundan sonra Seymur Rəhimov gələcəklərini dedi.

Bu zəngdən sonra klub rəhbərliyinin də yubiley görüşünə laqeyd qalacağını təxmin etdik. Və AİJA prezidenti Eldar İsmayılov "Neftçi" PFK Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevə zəng vurub, onu oyuna dəvət etdi.

Çingiz müəllim oyun haqda məlumatının olmadığını və Türkiyəyə səfərə hazırlaşdığını bildirdi. Eldar müəllim ona kluba xeyli əvvəl formayla bağlı müraciət etdiyimizi dedi və oyunla bağlı ona məlumat verilməməsinə təəccübləndi.

Çingiz müəllim də, bu məsələlərə görə üzüldü, Aqil Paşayevin "Neftçi"yə xidmətlərdən əlavə bir zamanlar onunla yaxın dost münasibətlərinin olduğunu qeyd etdi və üzrlü səbəbdən oyuna gələ bilmədiyi üçün təəssüfünü dilə gətirdi.

Nəhayət, oyun başlayan ərəfədə, hamı stadionda olanda Rüstəm Allahverdiyev Eldar İsmayılova zəng vurub təşkilatçılıqla bağlı klubun hər cür dəstək verməyə hazır olduğunu bildirdi. Görünür, Çingiz müəllim, Eldar müəllimlə danışandan sonra Kamran Quliyevə narazılığını bildirib.

Amma Kamran Quliyev olmasa da, hər şey çox yüksək səviyyədə alındı.

Qurban Qurbanov, Nazim Süleymanov, Rəşad Sadıqov, Samir Əliyev, Mahmud Qurbanov, Elxan Həsənov və bir çox başqa əfsanəvi futbolçular meydana çıxdı, tanınmış FİFA referisi Tahir Süleymanovun idarəçiliyi, səsi Tofiq Bəhramov adına Respublika stadionuna doğmalaşmış Ramiz Qafarovun diktorluğu ilə çox gözəl bir dostluq görüşü keçdi.

Qurban Qurbanov Aqil Paşayevlə bağlı xatirələrini bölüşdü, Eldar İsmayılov Aqil müəllimin "Neftçi"yə və futbolumuza xidmətlərindən bəhs etdi.

Oyun ölkəmizin bütün telekanallarında, aparıcı media orqanlarında, AIPS-in rəsmi saytında geniş işıqlandırıldı.

Allah Aqil Paşayevə qəni-qəni rəhmət eləsin!

Ruhu şad olsun!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı