“Qarabağ” “Sabah”la oyunda etdiyi heç-heçə sayəsində (1:1) ölkə çempionluğunu rəsmiləşdirdi.
Mayın 2-dən bu yana bu münasibətlə ağdamlıları təbrik edənlərin sayı kifayət qədərdir. Sosial şəbəkələri təbrik mesajları bəzəməsi anlaşılandır.
Lakin “köhlən atlar”ın Premyer Liqadakı rəqiblərindən heç biri “Qarabağ”ı çempion olması münasibəti ilə sosial şəbəkə səhifələrində “yada salmadı”.
Bu mənada əsas diqqətlər ağdamlıların əzəli və əsas rəqibi “Neftçi”yə yönəlir. Bakılıların çempionluq titulunu “Qarabağ”a qaytarması hər nə qədər ağır olsa da, hansısa mənada təbrik gözlənilən idi.
Bilmək olmaz, bəlkə də “ağ-qaralar” mövsümün başa çatmasını gözləyir. Bəlkə də buna ehtiyac duymur. Bəlkə də bilmədiyimiz başqa səbəb var.
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında sualımızı qısa, amma tutarlı cavablandırdı:
“Ötən il biz çempion olanda “Qarabağ” bizi təbrik etmişdi? Yaxud kimsə onlardan soruşmuşdu ki, “Neftçi”ni niyə təbrik etmədiniz? Çempion olanda bizi “Qəbələ”dən başqa heç kim təbrik etməmişdi. Hansısa rəqibi təbrik etmək öhdəliyimiz yoxdur”.
“Qarabağ” üçün mövsümün başa çatmasına 4 oyun qalsa da, Qurban Qurbanovun yetirmələri çempionluğu vaxtından əvvəl rəsmiləşdirib.
HƏBİB