“Neftçi”ni bu günə qoyan hər kəsin Allah bəlasını versin!”

6 Dekabr 2021 16:40 Neftçi 1 416
“Neftçi”ni bu günə qoyan hər kəsin Allah bəlasını versin!”

Ardıcıl 3 məğlubiyyətdən sonra güc-bəla ilə “Səbail”i udan “Neftçi” azarkeşlərini az da olsa ümidləndirmişdi.

Lakin 13-cü turda “Sumqayıt”la qolsuz bərabərlik komandadakı işlərin qaydasında getmədiyini göstərdi.

Son çempion 12 oyunda cəmi 3 qələbəyə sevinmiş rəqibini uda bilmirsə, buna başqa ad tapmaq çətindir.

“Ağ-qaralar”ın lider “Qarabağ”dan 7 xal geri düşməsində baxmayaraq (“Sumqayıt”la oyuna qədər fərq bu cür idi, indi 9 xaldır), sadiq azarkeşlər yenə tribunalardakı yerini tutaraq sevimli komandalarını qələbəyə səsləyirdi.

Oyunun yekunundakı nəticənin ürəkaçan olmaması fanatların səbr kasasının növbəti dəfə daşmasına səbəb olub. Stadionda müəyyən mənada narazılıq bildirən “Neftçi”nin “xəstələr”i sosial şəbəkələrdə də “od püskürür”.

Bu mənada “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin paylaşımı diqqət çəkməyə bilməz.

İllərini ağ-qara rənglərə qurban vermiş qrup rəhbəri iki cümlə ilə ürəyini boşaltmaqla lazım olan adamlara mesaj göndərib:

“Hamınız istefa verməlisiz. Hamınız! Klubu bu günə qoyan hər kəsin Allah bəlasını versin!”

Əliyevin və digər fanatların etirazının hansı nəticə verəcəyini dekabrın 15-də “Qəbələ”ylə oyunda görəcəyik.

Bu matçda da mümkün xalların itkisinin baş məşqçi Samir Abasova və klubdakı əsas söz sahiblərinə necə təsir edəcəyini təsəvvür etmək çətin deyil.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti