Dincəlin, AFFA "Qəbələ"ni avrokuboklara buraxmayacaq

6 Dekabr 2021 11:40 Neftçi 2 788
Dincəlin, AFFA "Qəbələ"ni avrokuboklara buraxmayacaq

«Qəbələ» 13-cü turda 7-ci qələbəsini qazandı.

Hələlik kefdədirlər, 25 xal toplayıblar.

Lider «Qarabağ»dan 5 xal geridə, «Zirə»dən 3, «Neftçi»dən 4 xal irəlidədirlər.

Qış fasiləsinin elan olunmasına cəmi 1 tur qalıb və «Qəbələ»nin yeni ilə ilk «üçlük»də yollanacağı artıq dəqiqdir.

Mövsümün əvvəlində Elimar Baxşıyevdən avrokuboklara vəsiqə istənilməmişdi. Tapşırmışdılar ki, birtəhər futbolçu yığ, heyət düzəlt, iştirak xatirinə olsa da, çempionatda çıxış edək.

Yayda bu fikirlə aparılan seleksiya «Qəbələ»ni əvvəl komanda halına gətirdi, indi də kollektiv. Məhdud büdcə və heyətlə nə boyda iş görmək mümkündür,

«Qəbələ»nin timsalında hər kəsə əyan oldu. Yeri gələndə, gülə, yeri gələndə, ağlaya bilmək də bacarıq istər.

Elmar Baxşıyev və çevrəsindəkilərdə, deyəsən, bu, istedaddır, fitrətdən gəlir.

Çox heyif! Sınırlı imkanlarla avrokubok yoluna çıxmağın öhdəsindən gəlmiş «Qəbələ»ni mənzil başına çatmağa imkan verməyəcəklər.

Mən ölü, siz diri – görəcəksiz. Bu komanda üzümüzə gələn yayı qitə arenasında izləməyəcəyik.

Gedin rahat yatın, AFFA imkan verməyəcək. Min bir vasitə ilə önlərini kəsəcəklər. AFFA-nın planları başqadır, onu bir fələk bilir, bir özləri, bir də rol verdikləri.

«Qəbələ» həmin gizli siyahıda yer almayıb. Məqam gəzirlər, «vuracaqlar».

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti