"Kölgə"dən çıxan Meza Kolli

10 Oktyabr 2021 17:00 Neftçi 960
"Kölgə"dən çıxan Meza Kolli

"Neftçi"nin yay fasiləsində heyətinə qatdığı Sezar Meza Kolli ölkəmizdə çıxış etdiyi müddətdə intizamsız əcnəbi futbolçular sırasında xatırlanıb.

Bu da əbəs deyil. O, "Neftçi"dən öncə Azərbaycanda "Keşlə" və "Zirə"nin şərəfini qoruyub.

Adıçəkilən klublardakı oyunu ilə bərabər aldığı lazımsız sarı və qırmızı vərəqələrlə də gündəmə gəlib.

30 yaşlı futbolçu "Zirə"də bir dəfə meydandan qovulubsa, eyni halla "Keşlə"də daha çox - 3 dəfə qarşılaşıb.

Son çempiona transfer olunanda futbol ictimaiyyəti onun intizamsızlığını Samir Abasov üçün əsas başağrısı kimi görürdülər.

İlk vaxtlarında oyunu ilə Sabir Buqrin, Emin Mahmudov kimi adıların "kölgə"sində qalan paraqvaylı futbolçu müəyyən qədər özünə nəzarət edirdi.

Sezarın oyununda son zamanlar inkişaf gözə dəyir. Deyəsən, elə bu artım yarımmüdafiəçini hərəkətə gətirib. Abasov tərəfindən qazandığı təriflər isə istedadlı futbolçunun başını əməlli-başlı gicələndirməyi bacardı.

Belə ki, dünən yoxlama görüşündə "Qəbələ" ilə qarşılaşan paytaxt təmsilçisi Meza Kollinin ilk nadincliyinə şahidlik etmiş oldu.

Matçın 64-cü dəqiqəsində dava salan yarımmüdafiəçi qırmızı vərəqə ilə meydandan qovulub. Bu qırmızı onun "Neftçi" karyerasında "siftəsi"di. Davamı çox pis gələ bilər.

Abasov vaxtında bu futbolçunun "ipin"i çəkməsə, buranın "Keşlə" olmadığını ona izah etməsə,o, "Neftçi" üçün hələ çox baş ağrıdacaq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti