"Neftçi" 12 legioneri hansı məqsəd üçün transfer edib?

6 Oktyabr 2021 10:40 Neftçi 1 492
"Neftçi" 12 legioneri hansı məqsəd üçün transfer edib?

“Neftçi” ötən ay öncə Ramon Maçadonun, ardınca Tyaqu Bezerranın keçidini reallaşdırdı.

Braziliyalı hücumçular son anda “ağ-qaralar“a qismət olsa da, bilinən odur ki, onlar daha əvvəl digər klublarımıza təklif edilib.

Maçado "Zirə"yə, Bezerra isə "Qarabağ"a məsləhət görülüb. Adıçəkilən əcnəbi futbolçuları heyətinə qatmaq üçün "Zirə" 60 min, "Qarabağ" isə 250 min dollar xərcə düşməliydi.

Amma nə Rəşad Sadıqov, nə də Qurban Qurbanov uyğun olaraq həmin oyunçuları bu pula layiq bilib.."Neftçi"nin çalışdırıcısı Samir Abasov isə hər iki həmkarınıdan fərqli düşünərək, onların komandaya götürülməsinə "ok" verib.

İşlədiyi öncəki klublarda bərbad seleksiya fəaliyyəti ilə ad çıxaran Abasovun budəfəki qərarının necə sonluqla nəticələnəcəyi isə ən yaxşı halda mövsümün sonu bəlli olacaq.

Düzdür, hər iki braziliyalı artıq ağ-qara formayla Premyer Liqada qol hesabını açıb, amma dəqiq olan daha bir məsələ var ki, "Neftçi"də büdcə problemi yoxdur.

Zaman-zaman rəhbərlik və Abasov istədikləri futbolçuları almağa vəsait çatışmazlığından şikayətlənir. Bəs "Qarabağ" və "Zirə"nin "yox" dediyi məbləğ bir andaca "Neftçi"də necə var olur? Deməli, istəyəndə bu vəsait tapılır.

Burada menecer amili də mühüm əhəmiyyət daşıyır. Kimdir o futbolçuları tapan və razı salan agent? Bax, hamıya sirli görünən işin başında dayanan odur.

Görünür, həmin menecer hər iki tərəfə çox yaxın biridir və sözü keçərlidir.

O qədər güclü təsir gücünə malikdir ki, iş-işdən ötəndən – uğursuz avrokuboklar mövsümü başa çatandan sonra da "Neftçi"yə öz müştərilərini yerləşdirməyi bacarır.

Əks halda, legioner limitinin 6 olduğu Premyer Liqa üçün bu qədər əcnəbi futbolçu sifariş etmək hansı məntiqə sığır? Artıq onların sayı 12-dir ey…

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti