"Neftçi"də Famil Camalov, digərlərində Ansu Fatidi? - Samir Abasovun "söz oyunu"

13 Sentyabr 2021 19:00 Neftçi 1 679
"Neftçi"də Famil Camalov, digərlərində Ansu Fatidi? - Samir Abasovun "söz oyunu"

Son çempion "Neftçi" dünən Azərbaycan Premyer Liqasında ilk məğlubiyyətini "Qarabağ"dan aldı. Bununla da Samir Abasov avrokuboklardakı fiaskodan sonra narazı qalan azarkeşlərin könlünü qismən almaq şansını əldən vermiş oldu.

Oyun sonrası mətbuat konfransında isə "Neftçi"nin baş məşqçisi Samir Abasov yenə qalmaqallı açıqlamalarla yadda qaldı.

Oyun, məğlubiyyət, buna aparan səbəblər bir kənarda qaldı. Daha doğrusu Abasov hap-gopu ilə müzakirə olunmalı vacib detalları kənara atdı. Özü də məqsədli şəkildə...

Məğlubiyyətin hesabını verməli olan adam mətbuat konfransında media əhlinə hesab sorarcəsinə suallar verməyə başladı.

İlk başdan bunu qeyd edim ki, mətbuat konfransı böyük ölçüdə sizin sual yox, cavab verməli olduğunuz yerdi, Abasov! İndi isə gələk suallarınıza...

Abasov öncə "Gənc futbolçulara niyə şans vermiyək? Bəs bunlar necə böyüsün?" sualını ünvanlayıb.

Cənab Abasov, bu sualla elə təəssurat yaradırsınız ki, sanki jurnalistlər gənc futbolçuların şans qazanmasına qarşıdır. Sizin bu sualınız publikaya işləmək və günahdan boyun qaçırmaqdan başqa bir şey deyil. Güya siz bilmirsiniz ki, gənc futbolçunun şans qazanması, inkişaf etməsi necə olur?

Bu yaşa çatmısınız hələ də öyrənə bilməmisiniz ki, gənc futbolçu zəif rəqiblərlə oyunlarda az-az şans qazanmaqla böyük oyunlara ayaq açır, inkişaf edir?

Həqiqətənmi qəbul etmək istəmirsiniz ki, Famil Camalov yaşda birini "Neftçi"dəki ilk görüşündə "Qarabağ" kimi rəqibin önünə çıxarmaq inkişaf etdirmək yox, onu yandırmaq, karyerasını başlamadan bitirmək deməkdir?

Əminəm ki, siz bunları öz adınız kimi dəqiq bilirsiniz. Sadəcə səhvinizə kor olub, mətbuat, azarkeş önündə söz oyunu oynamaqla məşğulsunuz.

"Limitə görə kimisə oynatmalıyıq. Kimi oynadaq? Siz birinin adını çəkə bilərsiz?" - Abasovdan növbəti "dahi"yanə sual.

"Neftçi" kimi komandanın baş məşqçisinin verdiyi suala baxın. Jurnalistdən ona heyətdə oyunçu oynatmaq üçün ad çəkməsini sanki imdad diləyərcəsinə soruşur. Cənab Abasov, "Neftçi"yə Antaliyada toplanış keçən jurnalist yox, siz idiniz. Heyəti formalaşdıran, oyunçu transferlərinə "ok" verən jurnalist yox, siz idiniz. İndi niyə yaxanızı kənara çəkirsiniz? Elə ab-hava yaradırsınız ki, sanki digər klublarımızda limit oyunçusu Ansi Fatidi, amma "Neftçi"də İsmayıl Zülfiqarlı və Famil Camalov.

Növbəti söz oyununu da pis bacarmadınız. Amma belə oyunları Azərbaycan futbolunda az görməmişik. Sonunun necə olacağını da gözəl bilirik. Bunu siz də pis bilmirsiniz. Amma hələ də oyun oynatmaq əvəzinə "oyun" oynamağa davam edirsiniz. Oyunçu aparsın...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"