“Pensiyalar köçüb, gedib alsın” – “Neftçi”nin yeni transferi narazılıq yaratdı

9 Sentyabr 2021 14:00 Neftçi 2 786
“Pensiyalar köçüb, gedib alsın” – “Neftçi”nin yeni transferi narazılıq yaratdı

“Neftçi”nin yeni futbolçusu Tyaqo Bezerranın transferi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri braziliyalı forvardın yaşından və komandaya gec qoşulmasından narazılıq edir.

Bunu “Neftçi”nin “feysbuk” səhifəsində Bezerra ilə bağlı təqdimat videosunun şərh bölümündə yazılanlardan görmək mümkündür:

“Bu oyunçuların bundan sonra nə xeyri var? Avrokuboklar bitdi”.

“Kim əlaqə nömrəsini bilirsə, xəbər etsin buna. Bu gün pensiyalar köçüb, gedib alsın”.

“Xeyirli olsun! Amma toydan sonra nağaradır bu”.

“Bu, futbolçudan çox hambala oxşayır. Hardan tapırsız belə oyunçuları?”

“Pensiyaya çıxmağa gəlib”.

34 yaşlı forvardın o qədər də parlaq karyerası yoxdur. Son mövsümü Qətərdə - “Əl-Xor”da keçirən braziliyalı əsasən Türkiyə təmsilçilərində forma geyinib.

Belçika “Luveyros”unda (2005-06) oynamış futbolçu 2008-10-cu illərdə “Altay”da 61 matça 27 qol vurub.

Ardınca 1 il “Karşıyaka”da (29 oyuna 10 qol) çıxış edib. Daha sonra vətəninə yollanıb və KRB-də problem yaşayıb və 2013-də yenidən Türkiyəyə qayıdıb, iki mövsüm ərzində “Adanaspor”da keçirdiyi 61 matçda 31 qol vurub.

2015-də Küveyt “Əl-Ərəbi”sində (7 oyuna 8 qol) görünən Bezerra 2016-da “Adana Dəmirspor”a gəlib (18 oyuna 3 qol), lakin yayda Səudiyyə Ərəbistanına – “Əl-Qədisiyyə” klubuna keçib.

11 matçda 3 dəfə fərqlənən braziliyalının Adanaya dönüşü yenə 6 aylıq olub: bu dəfə “Dəmirspor”da 14 matçda 4 dəfə fərqlənib və yeni ölkəyə – Özbəkistana yollanıb.

“Paxtakor”da (2017-18) 49 matçda 25 dəfə toru silkələyən hücumçunun Qətərdəki karyerası 2019-da başlayıb (7 oyuna 8 qol) və buyurun, indi “Neftçi”nin yolunu tutub.

Vətənində karyerası alınmayan, Avropada oynamayan, əsasən Türkiyə aşağı liqasında və Asiya ölkələrində çıxış etmiş 34 yaşlı legionerdən “Neftçi”nin nə fayda görəcəyi çox müəmmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti