“Zirə” 60 min verməyə layiq görmədi, Abasov “Neftçi”yə aldırdı

8 Sentyabr 2021 20:40 Neftçi 2 740
“Zirə” 60 min verməyə layiq görmədi, Abasov “Neftçi”yə aldırdı

“Neftçi” Ramon Maçadonun ardınca Tyaqu Bezerranın transferini reallaşdırıb.

Və braziliyalı hücumçu Azərbaycana gələr-gəlməz onunla bağlı maraqlı faktın üstü açılıb.

Demə, Samir Abasovun bəyəndiyi “sambaçı” daha əvvəl “Zirə”yə təklif olunub. Fəqət, qəsəbə klubu cənubi amerikalıya görə 60 min dollar xərcə düşmək istəməyib.

34 yaşlı forvardın o qədər də parlaq karyerası yoxdur. Son mövsümü Qətərdə - “Əl-Xor”da keçirən braziliyalı əsasən Türkiyə təmsilçilərində forma geyinib.

Belçika “Luveyros”unda (2005-06) oynamış futbolçu 2008-10-cu illərdə “Altay”da 61 matça 27 qol vurub.

Ardınca 1 il “Karşıyaka”da (29 oyuna 10 qol) çıxış edib. Daha sonra vətəninə yollanıb və KRB-də problem yaşayıb və 2013-də yenidən Türkiyəyə qayıdıb, iki mövsüm ərzində “Adanaspor”da keçirdiyi 61 matçda 31 qol vurub.

2015-də Küveyt “Əl-Ərəbi”sində (7 oyuna 8 qol) görünən Bezerra 2016-da “Adana Dəmirspor”a gəlib (18 oyuna 3 qol), lakin yayda Səudiyyə Ərəbistanına – “Əl-Qədisiyyə” klubuna keçib.

11 matçda 3 dəfə fərqlənən braziliyalının Adanaya dönüşü yenə 6 aylıq olub: bu dəfə “Dəmirspor”da 14 matçda 4 dəfə fərqlənib və yeni ölkəyə – Özbəkistana yollanıb.

“Paxtakor”da (2017-18) 49 matçda 25 dəfə toru silkələyən hücumçunun Qətərdəki karyerası 2019-da başlayıb (7 oyuna 8 qol) və buyurun, indi “Neftçi”nin yolunu tutub.

Vətənində karyerası alınmayan, Avropada oynamayan, əsasən Türkiyə aşağı liqasında və Asiya ölkələrində çıxış etmiş 34 yaşlı legionerdən “Neftçi”nin nə fayda görəcəyi çox müəmmalıdır.

Bunu bir Samir Abasov bilər, bir də... Onunla bir “qab”dan çərək yeyən menecer dostları.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!