“Neftçi”nin sabiq rəhbər şəxsindən Kamran Quliyevə “tikanlı sözlər”

4 Sentyabr 2021 20:20 Neftçi 764
“Neftçi”nin sabiq rəhbər şəxsindən Kamran Quliyevə “tikanlı sözlər”

Klub prezidenti Kamran Quliyev bildirir ki, hələ 1 il öncə Anton Krivatçuk gedəcəyini açıqlayıb, “özünüzə futbolçu tapın” deyib.

Bu müddət ərzində neçə futbolçu gətirmək olardı?!

Bunun əvəzinə Bakıda Meza Kollinin arxasınca qaçılır. Vaxt varıydı paraqvaylı yaşıl meydanlarda flavinyoların arxasınca qaçırdı.

Müqaviləsi bitən, arada mərkəz hücumçusu mövqeyində də çıxış edən, futbolçu keyfiyyətləri bəlli olan Mbodcla Çempionlar Liqasına getmək ən azından sadəlövhlükdür.

Seleksiya işi tək xaricdən ibarət deyil. 100 min dollar daxili transferə pul ödəyən, 400 min dollarlıq Nikitanı Bakıda gəzdirən klub Emil Balayevi, Bəhlul Mustafazadəni, Ramil Şeydayevi zamanında əldən buraxmamalı idi...

Bunun əvəzinə, taleyüklü avrokubok oyunları gedə-gedə Namiq Ələsgərov olayı yaşanır. Bu barədə çox danışılıb, çox yazılıb, bütün tərəflər ittiham edilib.

Mənəvi tellər öz yerində... FİFA-nın bəlli transfer qanunları var. Bu tipli məsələlərdə marağı olan klublara, federasiyalara müəyyən müddət verilir.

Həll olunmadıqda beynəlxalq qurum məsuliyyəti öz üzərinə götürür. Bu qədər sadə...

Elementar FİFA qanunlarını bilməyənlərin klublarda, ümumiyyətlə futbolda nə işləri var?!

Vəkillərə tapşırılıb deməklə futbol, klub idarə olunmur. Məhkəmə, dava prosesləri aylarla, illərlə davam edir. Bu, sonrakı mərhələdir. Faktiki isə artıq futbolçu "Bursaspor"un heyətində meydana çıxır, milliyə türk klubundan gəlir.

"Neftçi" HİK-ə qarşı 8 legionerlə meydana çıxır, transferlərdən, futbolçu çatışmazlığından şikayət edilir. Komandada mövqelər üzrə komplektləşmə düzgün aparılmayıb.

Hazırda bakılıların heyətində 9 legioner, "Qarabağ"da rəsmi 8 əcnəbi futbolçu var. Ehtiyatda oturan, milliləşdirilən Almeyda, oynadılan Ozobiçlə 10 edir. Sayda ciddi fərq yoxdur.

Legionerlərlə yanaşı yerli futbolçular hazır olmalıdır. Emin, Maksim, Qara öz yerində, Abbas, Toral, İsmayl kimi gənclər hazır vəziyyətə gətirilməlidir.

Avrokuboklar gənclərin yoxlanılması, təcrübə qazanması məkanı deyil. Gənclər hazırlanıb meydana buraxılmalıdır.

(ardı var)

Tahir Süleymanov
“Neftçi”nin sabiq vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti