Zaur Qəhrəmanov Samir Abasova barmaq silkələdi: “Sən onu, deyəsən, tək görmüsən”

3 Sentyabr 2021 14:00 Neftçi 3 034
Zaur Qəhrəmanov Samir Abasova barmaq silkələdi: “Sən onu, deyəsən, tək görmüsən”

“Neftçi”nin Müşahidə Şurasının üzvü, SOCAR-ın Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhramanov baş məşqçi Samir Abasov arasında münasibətlər gərginləşib.

Buna səbəb ikincinin transfer siyasəti barədə mətbuata verdiyi açıqlamaları davam etdirməsidir.

Belə ki, Abasov alınmasını istədiyi legionerlərlə müqavilələrin imzalanmamasını komandanın avrokuboklarda uğursuz çıxış etməsinin əsas səbəbləri arasında göstərir.

O, xarici transfer bazarında fəal çalışmadıqlarını deməklə, klub rəhbərliyini hədəf göstərir. Baş məşqçinin fikirləri “Neftçi” rəsmilərini azarkeşlərin tənqid obyektinə çevirib.

Təbii ki, bu da Qəhrəmanov kimi “Neftçi”nin idarəetməsində əsas söz sahibi olan şəxsi narahat etməyə bilməz. Müşahidə Şurasının üzvü Samir Abasovla əlaqə saxlayaraq, ona sonuncu dəfə xəbərdarlıq edib.

Qəti şəkildə bildirib ki, bir daha Kamran Quliyevin adını haradasa çəksə, bu, ona vəzifəsini itirmək bahasına başa gələcək.

Qəhrəmanov deyib ki, klub prezidenti heyətin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyib:

“Sən onu, deyəsən, tək görmüsən. Yazıq Kamran daha nə etsin? Sənə nə qədər legioner təklif elədik, heç birini bəyənmədin. Komandanın bütün ixtiyarını sənə verdik, Konfrans Liqasının qrup mərhələsinə də vəsiqə qazana bilmədin”.

Zaur Qəhrəmanov Samir Abasova əvvəlcədən isti münasibət göstərməyib. Buna nümunə kimi ötən çempionatın son turunda yaşanan hadisəni yada salmaq kifəyətdir.

Belə ki, o, “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri matçın son dəqiqələrində VİP-lojadan texniki zonaya tərəf qışqıraraq, “Samir, sənə demədim ki, o futbolçunu dəyiş? Tez ol!” deyib.

Həmin səs kameralara da düşüb. Daha sonra səsli görüntülər klubun “youtube” kanalından silinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti