"Neftçi" necə çempion oldu və ya öncəki illərdə niyə olmurdu?!

2 Sentyabr 2021 13:40 Neftçi 1 181
"Neftçi" necə çempion oldu və ya öncəki illərdə niyə olmurdu?!

"Neftçi" çempionluğun qazanılmasına hazır iidimi?

Ötən mövsüm iki mərhələyə bölünməlidir:

1. Çempionatda 0:6 məğlubiyyətə qədərki dönəm;

2. Klubdakı istefalar və finişə kimi yeni baş məşqçi dönəmi.

Çempionatın gedişindən növbəti bəhanələrə start verilmişdi. "Büdcə 40% aşağı düşüb" sığortaları mövsümün sonuna hesablanmış "gedişlər" idi.

Belə idisə, bu məntiq(sizlik)lə "Neftçi" necə çempion oldu və ya öncəki illərdə niyə olmurdu?!

Böyükhesablı, acınacaqlı, qəbuledilməz məğlubiyyət baş verməsəydi, çempionatın sonuna kimi belə də davam ediləcəkdi. Haqlı narazılıqlar pik həddə çatdıqdan sonra məcburi dəyışıklıklərə gedildi.

Yeni baş məşqçinin gəlişi komandanı, futbolçuları silkələdi. Samir Abasovun dəfələrlə bildirdiyi kimi, komanda psixoloji olaraq çökmüş vəziyyətdə idi.

Emosional fonda ruh yüksəkliyi olsa da, finişə yaxınlaşdıqca komandada olan çatışmazlıqlar açıq görünürdü.

Birmənalı olaraq Samir Abasovun flaqmana gəlişi baş verməsəydi, sonda çempionluq qazanılmayacaqdı. İllərdi "Neftçi"nin bəhanələrlə idarə olunması "Qarabağ"ı da arxayınlaşdırmışdı...

Bu, o demək deyil ki, "Neftçi"də futbolçular həddindən artıq zəif və çempionluğa layiq deyildilər. Sadəcə illərdi klub daxilində özgüvən yox idi.

Emosional ruh fonunda inam qayıtmışdı. "Neftçi"nin hər zaman çempionluğa hazır olan böyük adı, həqiqi fanatları var!

Azarkeşlər haqq etdikləri çempionluğa sevindilər, məşqçi, futbolçular yükun altından çıxa bildilər, rəhbərlik sevinc göz yaşları axıtdı, üzə çıxmayanlar üzə çıxdı, uğura aparan futbol yolu xəritəsindən ağız dolusu danışıldı, qələbə payı, şərikliyi dartışdırıldı...

Çempionluğun əldə olunması iddialı, hazır olmayan beyinlərdə qrup səviyyəsi kimi qeyd edildi. "Neftçi"də çempionluq, kubok minimum vəzifə sayılır.

Minimumu maksimum kimi qəbul edən klub/komanda məsulları eyforiya fonunda 1-2 aydan sonra nələrin baş verəcəyini yaddan çıxartmışdılar.

(ardı var)

Tahir Süleymanov
“Neftçi”nin sabiq vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti