"NEFTÇİ" BU GÜN: Ağır səfər, ciddi itki və son şans

26 Avqust 2021 19:00 Neftçi 822
"NEFTÇİ" BU GÜN: Ağır səfər, ciddi itki və son şans

"Neftçi" bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində İsraildə "Makkabi"nin qonağıdır.

Doğma meydanda 3-1 hesablı əla nəticəni əldən verən Samir Abasovun yetirmələrini indi daha çətin səfər görüş gözləyir.

AĞIR SƏFƏR

Ötən oyunun ilk hissəsini çox rahat keçirən "Makkabi" ikinci yarı sanki arxayınlaşdı. Barak Baxarın yetirmələri yalnız ardıcıl vurulan 3 qoldan sonra ayıla bildi.

Gənc mütəxəssis ikinci dəfə belə səhvə yol verəcəyi inandırıcı deyil. Hətta meydanda ötən oyundan da ciddi "Makkabi" görə bilərik.

Bundan əlavə doğma meydan amili də İsrail təmsilçisinin tərəfindədir. Görüşü 30 minə yaxın yerli tərəfdarın izləyəcəyi deyilir.

Deməli, "Neftçi" həm də ciddi azarkeş təzyiqi ilə üzləşəcək. Ümumiyyətlə, klublarımız üçün İsrail səfəri hər zaman ağır olub. "Neftçi" özü də bundan əvvəlki səfərlərində uğursuzluq yaşayıb.

CİDDİ İTKİ

Rəqibin gücü, azarkeşlərin təzyiqindən əlavə "Neftçi" həm də ciddi heyət sıxıntısı yaşayır. Avrokuboklar başlayandan yetərli heyətə sahib olmayan kollektiv indi həm də ciddi itkilərlə səfərə gedib. Cəza səbəbindən Mamadu Mboc, İsmayıl Zülfiqarlı və Yusif Laval axşam meydanda ola bilməyəcəklər. Xüsusi ilə sonuncunun yoxluğu çempionumuza ciddi probolem yaradacaq. İlk oyunun da qəhrəmanı olan Lavalı hazırda "Neftçi"nin bir nömrəli lideri sayanlar da az deyil.

SON ŞANS

Bütün çətinliklərə rəğmən Samir Abasovun komandası bu gün qələbə qazanmalıdır. Çünki "Makkabi" sınağı "Neftçi"nin bu mövsüm avrokuboklarda uğur qazanması üçün son şansıdır. Mübarizəyə başladığı Çempionlar Liqasında uğursuzluq yaşayaraq Avropa Liqasına yuvarlanan komanda burada da duruş gətirməyi bacarmadı. Son dayanacaq isə Konfrans Liqasıdır. Qrupa düşmək günahların müəyyən qədər bağışlanması deməkdir. Yox, burada da uğursuzluq olacaqsa, bunun tək adı fiasko olacaq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı