"NEFTÇİ": Transfer etdiyimiz futbolçuların siyahısında bu adda kimsə yoxdur"

13 İyun 2021 19:40 Neftçi 1 482
"NEFTÇİ": Transfer etdiyimiz futbolçuların siyahısında bu adda kimsə yoxdur"

Sportinfo.az xəbər verir ki, mediada Neftçi”nin yeni futbolçuları heyətinə qatması ilə bağlı hər gün yeni informasiyalar tirajlanır.

Lakin bunlar klub tərəfindən təkzib olunur.

Ən çox yayılan xəbərlərdən biri “Çelsi”yə məxsus olan Abdul Rəhman Babanın “Neftçi”yə mümkün keçidi ilə bağlıdı.

Hətta bəzi mənbələr sol cinah müdafiəçisinin artıq Bakıda olduğunu da yazıb. Redaksiyamıza daxil olan məlumata görə, bu informasiyalar həqiqəti əks etdirmir. Flaqman 26 yaşlı qanalı futbolçu ilə danışıqlar aparmır.

Bəs nəyə görə “Neftçi”nin adı tez-tez dünya futbolunda tanınan oyunçularla birgə hallanır? Keysuke Honda nümunəsinin buna təsiri varmı?

Rüstəm Allahverdiyevi dinləyək (Futbol+): “Bunlar bizdən asılı məsələ deyil. Demək olar ki, sizinlə hər gün əlaqədə oluruq.

Kluba aid bütün məlumatları məndən soruşursuz. Dəqiq informasiyaları sizinlə bölüşürəm. Baba məsələsi virtual olaraq ortaya atıldı və trendləşdirildi.

Bunun hamısını azarkeşlərimiz etdi. Bu da ölkə mətbuatının diqqət mərkəzində oldu. Bir çox idman saytları, səhifələri bu mövzu ətrafında öz mülahizələrini bölüşdülər.

Biz klub olaraq rəsmi şəkildə dilə gətiririk ki, belə bir məlumat yoxdu. Həqiqətən də transfer etdiyimiz, maraqlandığımız futbolçuların siyahısında “Baba” adlı kimsə yoxdu.

Transfer bazarında hazırda ən çox adı hallanan klub “Neftçi”di. Bu, bizdən asılı deyil. Düzdü, flaqmana bir çox məşhur futbolçular təklif olunur və ya biz büdcəmizə uyğun olan oyunçularla yaxından maraqlanırıq.

Keysuke Honda transferində situasiya fərqli idi. Yaponiyalı ulduz özü “Neftçi”də çıxış etmək istəyirdi. Klubumuzun prezidenti yaxın günlərdə bu haqda maraqlı açıqlama vermişdi ki, bizim gücümüz çatmazdı onu komandaya cəlb etməyə.

Hondanın maaşını belə ödəyə bilməzdik. Lakin futbolçu özü “Neftçi” kimi iddialı klubda çıxış etmək istəyirdi. Onun marağı var idi bura gəlməkdə.

Bir daha qeyd edim ki, burda nüans fərqli idi. İndi menecerlər sizə və başqa media mənsublarına ulduz futbolçuların təklif olunduğunu deyə bilərlər. Bəlkə də bunlar baş verib.

Lakin onlarla rəsmi müqavilə bağladığımız, artıq komandanın düşərgəsində olmaları doğru deyil. Bəzi agentlər də düşünürlər ki, bunlar Hondanı transfer ediblərsə, başqalarını da heyətə qata bilərlər.

Lakin onlar yaponiyalının müqaviləsində yazılanlardan xəbərdar deyillər. Honda Azərbaycana gələrkən bir çoxları hətta sosial şəbəkələrdə ağıllarına gələni yazırdılar.

Biri deyirdi ki, milyonlar xərclənib, digəri hər qola görə filan qədər pul veriləcəyini yazırdı. Hətta biri qeyd etmişdi ki, “Neftçi”də cərimə zərbəsindən qol vursa, klub rəhbərliyi filan qədər pul verəcək.

Bunların hamısı şayiə və fərziyədi. Bəziləri bunu məqsədli şəkildə edir. Bir çox saytlar klubun adına qarayaxma kampaniyası etmək üçün bu yola əl atır.

Hələ bəziləri yazdı ki, guya hansısa şirkət “Neftçi”ni reklam etmək üçün bu transferi həyata keçirdi. Təbii ki, bunların heç biri doğru deyildi.

Bəzən təklif edirlər “Neftçi”nin seleksiya şöbəsinə ki, belə oyunçu var. Sonra həmin informasiyanı “flaqmana keçdi” deyə saytlara yönəlirlər. Bunu etiraf etmək lazımdı ki, bizim menecerlər belə şeylərə əl atırlar.

Lakin mən “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olaraq sizə etiraf edirəm ki, Harramizdən başqa mediada adı hallanan heç bir oyunçu ilə maraqlanmırıq.

Düzdü, danışıq apardıqlarımız var. Amma klub həmin futbolçularla gizli şəkildə əlaqə qurur və danışıqlar aparır. Hazırda bu yöndə heç bir yenilik yoxdu”.

Digər Xəbərlər
Xəbər Lenti