Samir Abasov qayıtdı!

27 Aprel 2021 19:20 Neftçi 2 712
Samir Abasov qayıtdı!

Samir Abasov "Neftçi"yə baş məşqçi təyin olunanda çoxumuzu eyni sual düşündürürdü -

Xasiyyətini dəyişə biləcəkmi?

Çünki "Neftçi" Abasovun daha əvvəl çalışdırdığı nə "Sumqayıt"dı, nə də "Zirə". Flaqmanda işləyirsənsə, işlətdiyin hər sözə, atdığın hər addıma diqqət etməlisən. Yoxsa burada çox duruş gətirmək müşkülə çevriləcək.

İnsafən, ilk vaxtlardan Abasov da bunun fərqində olduğu hiss olunurdu. Gənc mütəxəssis mümkün qədər az danışmağa, yumuşaq görsənməyə çalışırdı. Hətta öncəki klublarında uğursuzluq olan kimi yeri gəldi-gəlmədi futbolçularını günahkar çıxaran adam, "Neftçi"də əksini edirdi.

Məsələn, Səlahət Ağayevin kobud səhvini öz səhvi kimi təqdim edəcək qədər eqosundan uzaqlaşmışdı. Gəldiyi gündən bir işə yaramayan Ahmed Ahmedovu lazımsız transfer kimi təqdim eləməkdən yan qaçırdı. Sizcə, həqiqi Samir Abasov bunları edərdimi? Məncə, əsla yox!

Amma "Sabah"la oyun Abasov üçün dönüş nöqtəsi oldu. Oyun sonrası hərəkətləri, mətbuat konfransındakı sözləri ilə sanki "mən qayıtdım" ismarıcını yolladı.

Və haqlı olaraq bu gün AFFA İntizam Komitəsi Samir Abasovu 2 oyunluq cəzalandırıb. Bundan əlavə "Neftçi"yə 4 min manat pul cəzası verilib.

Gərginliyin pikk həddə çatdığı çempionluq mübarizəsinin sonuna cəmi 4 tur qalıb. Belə məqamda bu da Samir Abasovun komandasına verdiyi fayda. Gedişat isə çılğın və cığal mütəxəssisin gəldiyi marşurutla da geri qayıtmasına çox az bir vaxt qaldığını göstərir. Son 4 tur!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti