"Neftçi" özü-özünü buna məhkum etdi - Bacaracaqmı?

13 Aprel 2021 11:40 Neftçi 925
"Neftçi" özü-özünü buna məhkum etdi - Bacaracaqmı?

"Neftçi"nin "Sumqayıt"a bağışlanmaz məğlubiyyətin sırf təsadüf olmasını Qəbələdə sübuta yetirməsi vacib idi.

Çempionluq yolunda sarsıdıcı zərbə almış bakılıların meydana yaralı aslan kimi çıxması gözlənilirdi.

Necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır!

Samir Abasov heyətə əl gəzdirmişdi. Cəzalı, oynamayacağı bilinən futbolçulara əlavələr edilmişdi.

Sistemli, oturuşmuş komandalarda bunu etmək olar, indiki "Neftçi"də bu qədər rotasiyaların edilməsi isə riskdir. Məğlubiyyət nədir, heç-heçəyə ixtiyarı olmayan komandada belə etmək nə demək?

Görünür, Abasov düşündü ki, varlığa nə darlıq, ehtiyatda oturub 20-25 min manat maaş alan Səlahət Ağayev də oynamalıdır. Yeni transfer Keysuke Honda da start heyətində meydana çıxmışdı.

Heyətin demək olar yarısını dəyişmək, bu azmış kimi, futbolçuların çıxış etdikləri mövqelərə əl gəzdirməklə stabil, inamlı oyun necə sərgiləmək olar? Ona görə ilk hissədə "Neftçi" özünə bənzəmədi, futbolçilar arasında əlaqə, anlaşma yox idi.

Start fitindən etibarən "Qəbələ" sol cinahda boşluqlar verirdi. Yusuf Laval hər dəfə açıq zonada müdafiəçi ilə təkəbətək qalırdı.

Nigeriyalı yarımmüdafiəçi belə epizodları sevir: topdan qorxmaz, rəqinin üzərinə gedər, cərimə meydanına can atar, driblinqlərindən istifadə edər, qapıya zərbələr vurar həmişə.

Əla imkanlar yaransa da, bunlardan özü və komanda yoldaşları o zonaya yüklənərək istifadə edə bilmədi. Bir qədər qabağa gedib qeyd edək: bunu görən Elmar Baxşıyev ikinci hissədə özlərinə aid sol cinahı necə bağladısa, Laval tərpənə bilmədi.

Vaxtında belə boşluqlardan istifadə edə bilməyəcəksənsə, qələbə qazanılması müşkül məsələdir. "Qəbələ" usta ayaqlar sarıdan çatışmamazlıq yaşasa da, istənilən rəqiblə açıq futbola üstünlük verir, heç kimdən çəkinmir. "Neftçi" üçün bu, əlavə şans idi.

«Ağ-qaralar», onsuz da, mövqe hücumlarında axsayır, Samir Abasovun ən üstün tərəflərindən biri əks-hücumlardır. Xətlərarası əlaqələrin zəifliyi, fasilədən sonra futbolçularda sürətin çatışmaması, qələbə əzminin yüksək olmaması buna imkan vermir.

Hondanın əla ara ötürmələri, meydanı görmə qabiliyyəti olsa da, fiziki durumu yerində deyil və bu da komandanın dinamikliyinə mənfi təsir edir. Uyğunlaşma prosesi, Sabir Buqrinin əlindən mərkəzin alınması komanda oyununa təsir edir.

Futbolçular bir-birilərini meydanda başa düşənə kimi çempionat bitəcək. Eksperimentlər, yerdəyişmələr üçün uyğun zaman deyil. Finişdə istənilən komanda stabil heyətlə çıxış etməyə üstünlük verməlidir.

İlk yarıda Emin Mahmudova qarşı hərəkət penalti kimi dəyərləndirə bilərdi. Ən azından simulyasiyaya görə sarı kart olmamalı idi. İkinci yarıda baş hakim Əliyar Ağayev bunun əvəzini çıxdı.

"Neftçi" qol vurmaq əvəzinə, "Qəbələ" bunu edirdi. Qonaqlar rəqibinin arxasınca qaçmaq məcburiyyətində qalırdı.

Müdafiə bərbad, qapıçının inamsız çıxışı, Kanesiz dayaq bölgənin Bakı "skvoznyakı", Adeniyi, Asif Məmmədov və digərlərinin Qəbələ dağları arasında özlərini Xəzər dənizində balıq kimi hiss edirdilər.

Qollar da belə vuruldu. "Neftçi" fasilədən sonra nisbətən baxımlı görünürdü. Böyük qüvvə ilə önə atılan «ağ-qaralar» risk etmək məcburiyyətində qalmışdı.

Edilən «sumbur» dəyişiklər də bunu göstərirdi. Stiven Monrozun meydana daxil olub gəzişməsi də bir bəladır. Yəqin Kamran Quliyev Qəbələyə getməyib, ya da sevimli legioneri onu tribunada axtarıb tapa bilməyib.

"Qəbələ" əks-hücumlarda daha effektiv davransaydı, üçüncü, dördüncü topu da vura bilərdi. Cavid Hüseynovun oyuna girməsi də Elmar Baxşıyevin yanlışlığı oldu.

Həmişə fiziki göstəriciləri ilə seçilən yarımmüdafiəçi meydanda çatdıra bilmirdi. Bu da hücumların sürətini, kəsərini sıfıra endirdi.

"Neftçi"nin ikinci yarıda ərazi üstünlüyü görüntüdür. Nə yaratdısa, gəzişə-gəzişə oynayan Hondanın aldadıcı, ara ötürmələri etdi. Bundan da komanda yoldaşları istifadə edə bilmədi.

Bol qol epizodları ilə keçən matçda hər iki komanda qələbə qazana, məğlub da ola bilərdi. Səfərdə daha zəif rəqibə iki qol vurursansa, qələbə qazanmalısan.

"Neftçi" bunu bacarmadı və "Sumqayıt"a məğlubiyyətin təsadüf olmadığını sübut etdi. Bakılılar fimişdə özü-özünü 6 matçda ardıcıl qələbə qazanmağa məhkum etdi.

Bacaracaqmı?Zaman göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti