"Neftçi"nin yeyilən haqqı, varlığı ilə yoxluğu bilinməyən Hondanın VAR istəməsi

11 Aprel 2021 09:40 Neftçi 1 635
"Neftçi"nin yeyilən haqqı, varlığı ilə yoxluğu bilinməyən Hondanın VAR istəməsi

Azərbaycan Premyer Liqasının XXII turunda "Qəbələ" "Neftçi"ni qəbul edib.

Qarşılaşmanın (2:2) ilk hissəsində maraqlı hadisə baş verib.

Qonaqların kapitanı Emin Mahmudov rəqib cərimə meydançasında yerdə qalıb. "Neftçi"nin futbolçuları bu epizodda penalti tələb edib.

Hətta yaponiyalı yarımmüdafiəçi Keysuke Honda baş hakim Əliyar Ağayevdən VAR-a baxılmasını istəyib. Referi isə simulyasiyaya görə Emin Mahmudova sarı vərəqə göstərib.

Bu, yanlış qərardır. Əliyar kimi təcrübəli, FİFA-nın «Top-klass» kateqoriyasına daxil olmuş bir hakimin belə səhvə yol verməsi üzücü haldır.

O, avrokuboklarda bir, Premyer Liqada bir başqa cür idarəçiliyi ilə yadda qalır. Eynən Cüneyt Çakır kimi.

Avropalıları özünə sevdirməyi bacarmış Çakır Super Liqa məşqçi və futbolçularının nifrət obyektidir.

Demirəm, bizimkilər də Əliyara nifrət edir və ya nifrətə layiqdir, sadəcə, o, oyunlar arasında fərq qoyur, bu da turnirlərarası performansına çox pis təsir göstərir.

Gəlim, yenə Eminin epizoduna. Burada «Qəbələ»nin qapısına penalti təyin edilməli idi, çünki rəqib müdafiəçi qonaqların kapitanının ayağını topa təmas anında tapdalamışdı. Mahmudovun hərəkət etmək imkanı qalmamışdı, kobudluğa məruz qaldığı üçün yıxılmağa məhkum idi.

Ümumiyyətlə, Əliyar Ağayev yanlışları ilə oyunun nəticəsinə kölgə saldı. Referinin «Qəbələ»nin qapısına təyin etdiyi penalti epizodunda Kamal Mirzəyevə ikinci sarı vərəqəni niyə göstərməməsi də mənə qaranlıq qaldı.

Düşünürəm ki, nəinki mənə, oyunu izləyən hər kəsə. Halbuki Əliyar vərəqəni artıq cibindən çıxartmışdı, qalırdı onu yuxarı qaldırmaq.

Hər halda baş hakim kartı əlində oynatmaq üçün cibindən çıxartmamışdı, sadəcə, Mirzəyevə daha əvvəl «sarı» göstərdiyini yadına salıb, «Qəbələ»ni meydanda say azlığında saxlamaq istəmədi, bununla da, nəticəyə təsir göstərən səhvə yol verdi.

Hakimin bu ciddi xətası bəlkə də «Neftçi»ni qələbədən məhrum etdi. Say üstünlüyü əldə edəcək qonaqların fərqlənmək üçün daha çox epizod yaxalayacağı gözlənilən idi, Əliyar onları bundan məhrum elədi.

Hondanın baş hakimə ekran işarəsi göstərərək, VAR-a baxılmasını istəməsinə gəlincə…

Bəllidir ki, Azərbaycan Premyer Liqasında VAR sistemi tətbiq edilmir, amma yaponiyalı keçmiş ulduzu 35 yaşında bura gətirənlər, deyəsən, ona çoxsaylı yağlı vədlər verib, ağ-qara formanı geyinməsi üçün yalandan müxtəlif vədlər uydurub.

Təqdimat mərasimində klubun prezidenti Kamran Quliyev nə demişdi? Demişdi ki, Honda hara jəldiyini bilir, «Neftçi» və Azərbaycan futbolu barədə ətraflı məlumata malikdir.

Hondanıın həqiqətən futbolumuz barədə nə qədər «müfəssəl» məlumat toplamasını VAR-a işarə vurmasından gördük və bir daha əmin olduq ki, Quliyev «ənənə»sinə uyğun olaraq, yenə boş-boş danışıb.

Ona nə var, bəlkə də Hondaya onu da deyib ki, Azərbaycan çempionatında ən güclü komanda «Neftçi»dir, sən də gəlsən, rəqiblərin daşını daş üstündə qoymarıq, bir ayaqla çempion olarıq.

Kim bilir, daha nələr pıçıldayıb qulağına.

Belə-belə şeylər deməsəydi, yəqin ki, Honda da debüt etməmişdən az öncə 8 turun hamısında qalib gələcəklərinə dair bəyanat səsləndirməz, vaxtından əvvəl çempionluq şərqisi səsləndirməzdi.

Hondaya meydanda gəzişə-gəzişə oynaayacağına, hətta qolları sıralayacağına necə inandırıblarsa, «Sumqayıt»la qarşılaşma da onu yuxudan ayıltmadı, hətta dünən də Qəbələdə sakitcə yeriməklə yadda qaldı.

Mamadu Kane də yox idi ki, yaponun əvəzinə qaçsın. Amma Sasmir Abasovun da cəsaarəti çatmadı ki, Hondanı əvəzləsin, orta sahəyə daha işlək birini buraxsın.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti