"Ay millət, bizi yükləyirlər, gəl, indi bu balıqdan sonra çempion olma"

8 Mart 2021 19:40 Neftçi 1 078
"Ay millət, bizi yükləyirlər, gəl, indi bu balıqdan sonra çempion olma"

"Neftçi" Avstriyada, Tirol bölgəsində təlim-məşq toplanışında idi. Ağır fiziki məşqlərdən sonra komandaya bir günlük istirahət verilmişdi. Futbolçular sərbəst idilər, istirahət edə, şəhərə çıxa bilərdilər... Növbəti çempionluqdan sonra əhval-ruhiyyə də yerindəydi.

Alp dağlarının ətəkləri sözlə ifadə edilə bilməyəcək qədər gözəl, füsunkardır. Qarlı dağlar, sıx meşələr, şəffaf, ildrım sürəti ilə axan dağ çayları, nə soyuq, nə də isti olmayan, ciyərlərə kimi işləyən təmiz hava...

Komandada balıq həvəskarları vardı. Bizi də həvəsləndirmişdilər. Klub prezidenti Sadıq Sadıqov, idman direktoru Güloğlan Cabbarovla balıqçı ləvazimatlarını götürüb, piyada, gəzə-gəzə çay kənarına düşdük...

Çay ensiz deyildi, qayalıqlar, böyük daşlar arasından iti sürətlə şütüyüb üzü aşağı axırdı.

Soyuq su o qədər şəffaf idi ki, balıqlar görünürdü. Fikirləşdik, burda balıq tutmağa nə var...?!

Qayalıqlar üzərində özümüzə yer edib tilov, qırmaqları hazırlayıb atdıq çaya. 5 dəqiqə, 10 dəqiqə, yarım saat, bir "köpək oğlu" balıq yaxın durmur... Bu vaxt gəzməyə çıxan Rail Məlikovla, Ruslan Əmircanov bizi görüb yanımıza gəldilər...

Eşitmişdik, mingəçevirli balası Ruslan, futbol dili ilə desək, balığı çayda "doqquzluğa" vururmuş. Elə müdafiəçimiz mövsüm ərzində də rəqib qapılarına arada belə qollar vururdu...

Hər işin öz bacaranı... Ruslan icazə istədi, dedi, hazırlaşın. Yarım saatdı bizimlə qaçdı-tutdu oynayan balıqlar, Ruslanın əlindən qaça bilmirdilər. Futbolçumuz böyük ölçüdə balıqları bir göz qırpımında tutub sahilə atırdı...

Balıqları yığmağa çatdıra bilmirdik. Çayın yaxınına düşən balıqlar, geri, suya tullanıb aradan çıxırdılar. Belə minvalla Ruslan 40-50 iri balıq tutdu. Meşədə tonqal qaladıq, balıqların az qismini təmizlədik, odda kabab əvəzi bişirdik, çörəksiz, duzsuz, salatsız dadına baxdıq...

Yadda qalan gün keçirib otelə qayıtdıq.

Axşam komandanı, futbolçuları xoş sürpriz gözləyirdi. Tutulan balıqları mətbəxdə aşbaza təhvil verdik. Kömür közündə qızardılan balıqlarla bütün komandanı qonaq etdik...

Rəhmətlik Böyükağa müəllim zarafatından da qalmadı: "Ay millət, bizi yükləyirlər, gəl indi bu balıqdan sonra çempion olma. Balıq kimi bizi qızardarlar". Beləcə deyib-gülərək komanda psixoloji olaraq yorğunluğunu unutdu.

Səhəri yeni həvəslə, xoş əhval-ruhiyyə ilə hazırlıqlar davam etdirildi. Növbəti kubok, çempionluq yolu "Neftçi"ni, sadiq fanat-azarkeşlərini gözləyirdi...

Tahir Süleymanov
"Neftçi"nin sabiq vitse-prezidenti

Digər Xəbərlər
Xəbər Lenti