"Neftçi" Hondaya 3 ay üçün 70-80 min dollar maaş verəcək"

8 Mart 2021 11:40 Neftçi 2 016
"Neftçi" Hondaya 3 ay üçün 70-80 min dollar maaş verəcək"

"Sabah"ın keçmiş idman direktoru Emin Abbasovun Keysuke Hondanın "Neftçi"yə gözlənilən transferi ilə bağlı sostal şəbəkədə yazdığı status böyük maraq görüb.

Hazırda futbol eksperti olaraq "CBC Sport"da çalışan sabiq funksioner Yaponiya millisinin sabiq futbolçusunun vaxtilə onun çalışdığı kluba təklif edildiyini bildirib:

"Biri deyir, Honda "Neftçi"yə lazımdır, o biri deyir, sönmüş ulduzdu bu. Bir başqası zarafata salır ki, "Neftçi"yə çempion olmaq üçün Honda yox,
BMW lazımdır və s. Bütün bu söz-söhbətlər burulğanında əksəriyyət nədənsə, məsələni incələmək istəmir.

Honda indi hansı formadadır, hansı pula gəlməyə razıdır, ona xərclənəcək pulu klubun marketinqi dirildə bilərmi, "Neftçi"nin məşqçisi necə baxır bu transferə və başqa nüanslar...

Maraq üçün deyim ki, Honda 2019-cu ildə "Melburn"dan ayrılanda mənə təklif olunmuşdu - 15 milyon avroya!"

E.Abbasov bununla bağlı Sportinfo.az-a geniş açıqlama verib:

"2019-cu ildə tanış əcnəbi agentlərdən biri mənimlə əlaqə saxlayıb soruşdu ki, sizin liqada Keysuke Hondaya maraq olarmı? Maraqlandım, dedi ki, "Melburn"da yaxşı mövsüm keçirib və hal-hazırda azad agent statusu daşıyır.

Maliyyə şərtlərinə gəlincə, bildirdi ki, 15 milyon avroya razı salıb gətirmək olar. Mən o vaxt da dedim ki, real rəqəm deyil, bizim çempionatda heç o qədər büdcəsi olan klub yoxdur.

"Neftçi" məsələsi ortaya çıxandan sonra bir daha agentlər vasitəsi ilə durumu maraqlandım və öyrəndim ki, Honda Qazaxıstan klublarına da təklif olunub.

Yəni, 15 milyona yox, xeyli aşağı qiymətə. Ümumiyyətlə, 15 milyon utopik rəqəmdir, heç ən yaxşı vaxtlarında belə, Hondaya heç kim elə maaş verməyib.

Sadəcə, agentlər bəzən Azərbaycanı Qətər və ya Səudiyyə Ərəbistanı ilə səhv salırlar. Ona görə də bəzən absurd rəqəmlər dilə gətirirlər.

Mən belə təxmin eləyirəm ki, "Neftçi" ona gətirəcəyi halda, 3 ay üçün 70-80 min dollar maaş verəcək".

Digər Xəbərlər
Xəbər Lenti