Millinin baş məşqçisi özünü “Neftçi”yə niyə təklif etdi?

6 Mart 21:20 Neftçi 1 355
Millinin baş məşqçisi özünü “Neftçi”yə niyə təklif etdi?

Azərbaycan mediası maraqlı bir xəbər yaydı.

“Neftçi” məşhur yaponiyalı futbolçu Keysuke Honda ilə danışıqlar apardığını açıqladı.

“Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev açıqlamasında bildirib: “Honda ilk dəfə bizə təklif ediləndə ciddiyə almamışdıq. İkinci dəfə isə maraqlı gəldi. Danışıqlar davam edir. Hələ rəsmi bir şey yoxdur".

R.Abdullayev Hondanın özünün də "Neftçi"də oynamaq istədiyini bildirib: "Əsas meneceri qardaşıdır. Özü deyib ki, "Neftçi"yə gəlmək istəyirəm. Biz də may ayınadək onu komandaya cəlb etmək istəyirik".

Kamboca millisinin baş məşqçisidir!

Bu il iyunun 13-də 35 yaşı tamam olacaq Honda Yaponiya millisinin liderlərindən olub. O, bu komandada 98 oyunda meydana çıxıb, 37 qol vurub. 2018-ci ilin yayında Honda 10 il şərəfini qoruduğu millidə karyerasını başa vurduğunu elan edib. Klub səviyyəsində isə fəaliyyətini davam etdirib. Yaponiya futbolunun ulduzu karyerası ərzində bir çox klubda oynayıb. Onların sırasında ən məşhuru isə “Milan” olub (2014-17-ci illərdə. 92 oyun, 11 qol). Bundan başqa, Honda Avropada SSKA (Moskva), “Vitess”də (Niderland) çıxış edib. Onun son peşəkar klubu Braziliya “Botafoqo”su olub. 2020-ci ildə bu komandaya keçən Honda “Botafoqo” ilə A seriyasında 18 oyunda iştirak edib və 2 qol vurub.

Qeyd edək ki, Honda futbolçu kimi karyerasını davam etdirsə də, rəsmən Kamboca millisinin də baş məşqçidir. O, 2018-ci ildə bu vəzifəyə təyin edilib. Bu, Honda üçün peşəkar vəzifədən daha çox, sosial missiyadır. Honda ilk dəfə 2015-ci ildə Yaponiya millisi ilə yoxlama oyununda iştirak üçün Kambocada olub. Həmin vaxtdan da, özünün dediyinə görə, bu ölkəyə vurulub. Avstraliyada “Melburn” klubunda oynadığı vaxtlarda (2018-19) Honda hər ay 14 min km. məsafə qət edərək Kambocaya gedirmiş. Ölkələr arasında birbaşa hava əlaqəsi olmadığından bəzən o, 30 saatını yolda keçirirmiş. Bəzən isə Avtsraliya çempionatındakı çıxışı ilə əlaqədar millinin matçından cəmi bir gün əvvəl komandanın düşərgəsində olurmuş (məsələn, Myanma millisi ilə oyunda öncə). Onun müqaviləsi bu il başa çatmalıdır. Lakin güman edilir ki, Honda hələ 2023-cü ilin yayına kimi indiki vəzifəsində qalacaq. Həmin il Kamboca Cənubi Asiya Oyunlarına ev sahibliyi etməlidir.

Qeyd edək ki, hazırda Kamboca millisi FİFA reytinqində ən aşağı pillərdən birini tutur (210 üzv arasında 173-cü).

Honda havada qalıb

Bu il Honda “Botafoqo” ilə müqaviləni qarşılıqlı şəkildə ləğv etdiyini deyərək Avroya qayıdıb. Onun qış transfer pəncərəsi zamanı azad agent kimi Portuqaliya yüksək liqa təmsilçisi “Portimonense” ilə müqavilə bağladığı elan edilib. Lakin ötən ay Portuqaliya Futbol Federasiyası (PFF) futbolçunu azad agent kimi tanımadığı üçün müqaviləni təsdiqləməyib. Federasiyadan bildirilib ki, “Botafoqo” ilə ləğv olunduğu bildirilən müqavilə federasiyanın hüquqi qaydaları ilə üst-üstə düşmür. Ona görə də PFF Hondanı hələ də Braziliya klubunun oyunçusu hesab edərək qeydiyyata almayıb.

Bu səbəbdən Honda alternativ variantlar üzərində çalışmağa başlayıb. Güman etmək olar ki, məhz bundan sonra onun agentləri “Neftçi” də daxil olmaqla futbolçu-məşqçini Avropada bir çox kluba təklif ediblər. Transferin baş tutub-tutmayacağı, ümumiyyətlə, 35 yaşda bir futbolçunun “Neftçi” üçün nə dərəcədə faydalı ola biləcəyini isə yalnız zaman göstərə bilər.

Hələlik isə Honda klub axtarışındadır. Əgər transfer qısa zamanda alınmasa, onun karyerasını vətəni Yaponiyada davam etdirəcəyi istisna edilmir (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi