"Bizim oyunumuz rəqibdən asılı idi" - Samir Abasov

20 Fevral 2021 20:50 Neftçi 890
"Bizim oyunumuz rəqibdən asılı idi" - Samir Abasov

"Çox çətin oyun oldu. Belə olacağını bilirdik. Matça itkilərlə çıxdıq, son anda Sabir Buqrin də zədələndi. Bu bizi çətin duruma saldı. Buna baxmayaraq oyunda qalib gəldik. 3-4 gündən sonra "Zirə"yə qarşı oyun var. Futbolçulardan sakitləşməyi xahiş etdik. Bu matçı unutmalıyıq. Gələcək oyunda bəzi dəyişikliklər edə biləcəyik. Bəlkə də bu gün yaxşı oyun sərgiləmədik. Bizim oyunumuz da rəqibdən asılı idi. Onları yaxşı oyuna görə təbrik edirəm".

Sportinfo az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XVI turunda evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ"ın xal itirməsi onların oyununa təsir etməyib: "Futbolçularda bir az narahatlıq var idi. Hava şəraiti və digər məsələlər çətinliklər yaratdı. Bu matçda həddindən artıq çətin durumda idik. 4-5 oyunçunun olmaması məşqçilərdən əlavə futbolçulara da təsir etmişdi".

Abasov həmkarı Elmar Baxşıyevin fikirləri ilə razılaşdığını vurğulayıb: "Mən həmkarımla razıyam. Bir dəqiq zərbə ilə oyunu udursan. Bəlkə bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Rəqib baş məşqçini də başa düşürəm. Bu gün sevinən biz idik. Ümid edirəm ki, rəqiblərimizlə görüşdə sevinən tərəf məhz "Qələbə" olsun".

Digər Xəbərlər
Xəbər Lenti