Samir Abasovun şans oyunu... - FOTOLAR

15 Fevral 2021 20:40 Neftçi 696
Samir Abasovun şans oyunu... - FOTOLAR

Son illər sürətlə enişə doğru gedən Azərbaycan futbol çempionatında tək maraq yeri “Qarabağ” və “Neftçi” arasında olan derbilərdir.

“Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmasından sonra həm azarkeşlər, həm media olaraq Ağdam klubu ilə Bakı klubu arasındakı matç diqqətləri özünə çəkməyə başladı.

Bu həftə isə bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandanın 82-ci dueli Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu.

Qarşılaşma komandaların hər iki məşqçisinin də qeyd etdiyi kimi futboldan çox kənar hadisələrlə yadda qaldı. Nə az nə çox düz 4, vurulan qolların sayından çox olan qırmızı vərəqələr qarşılaşmanı tarixə yazdı.

Hələ matçın 22-ci dəqiqəsində “Neftçi”nin sağ cinahında inamlı təsir bağışlayan Ömər Buludovun Maksim Medvedevə qarşı hərəkəti hakim tərəfindən qırmızı vərəqə ilə dəyərləndirildi. Meydanda azlıqda qalan “Neftçi”nin son illərin dəyişməz çempionu “Qarabağ”a uduzacağını düşünənlərin fikri əbəs deyildi. Samir Abasovun gəlişindən sonra yavaş-yavaş özünə gəlməyə başlayan “ağ qaralar”ın oturuşmuş komandaya və heyətə sahib ağdamlılara təslim olacağı daha inandırıcı görünürdü. Lakin qarşılaşmanın 27-ci dəqiqəsində mövsümün ən yaxşılarından olan Namiq Ələsgərovun qolu fikirləri dəyişdi. Bəstəboy forvard təcrübəli Maksim Medvedev və Bədavi Hüseynovla mübarizədə topu götürüb Şahruddin Məhəmmədəliyevin başın üzərindən aşıraraq gözəl qola imza atdı.

“Qarabağ” hesabda geridə, sayda irəlidə olsa da, bakılıların qapısı ağzında epizod yaratmaqda çətinlik çəkirdi. Fərdi oyunla Premyer Liqadakı bütün rəqiblərə başağrı olan Abdulla Zubir də çox nadir hallarda səhnəyə çıxırdı. Mərakeş əsilli fransalı vingerin solo ifalarını başqa matçlarda çox görsək də, bu dəfə “Neftçi” müdafiəçiləri onun əl-ayağını bağlamışdı. Müəyyən qədər “Qarabağ”ın mərkəzində Partik Andrade gözə dəyirdi ki, onun da ötürmələri rəqib qapısı ağzında ciddi təhlükəyə səbəb olmurdu.

Əsas hadisələr isə matçın ikinci hissəsində baş verdi. Qurban Qurbanov oyuna dəyişikliklərlə başladı. Xayme Romero və məcburi limitə görə Toral Bayramov meydana çıxdı. Lakin bu da “Qarabağ”ın oyununda ciddi dəyişiklik yaratmadı. Düzdür, 58-ci dəqiqədə Mahir Emreli hesabı bərabərləşdirsə də, qol mübahisəli idi. Künc ötürməsindən sonra Bədavi Hüseynov qapıya zərbə endirmək istəyərkən, komanda yoldaşı Maksim Medvedev oyundan kənar vəziyyətdə idi. Medvedevin Mahirin qolu zamanı hücumda aktiv iştirakı ofsayd yaradırdı. Matçın baş hakimi Elçin Məsiyev köməkçisi ilə məsləhətləşmələr etsə də, sonda mərkəz xəttini göstərdi.

Oyunun taleyini isə matçın 72-ci dəqiqəsində Kevin Medianın Mamadu Kaneyə qarşı etdiyi hərəkət həll etdi. Topsuz mövqedə “Neftçi”nin yarımmüdafiəçisinə baş zərbəsi endirən müdafiəçi həm meydandan qovuldu, həm də penaltiyə səbəb oldu. Gərgin oyunda gözəl qolla yadda qalan Namiq Ələsgərov bu dəfə soyuqqanlı penalti zərbəsi ilə komandasına qələbəni təmin etdi.

Ən çox müzakirə olunan məsələ isə Kevin Medinanın top olmadığı yerdə Kaneyə endirdiyi zərbəyə görə penalti təyin edilməsi idi. Çünki 11 metrlik cərimə zərbəsi verilən zaman top meydanın mərkəz hissəsində, cərimə meydançasından xeyli uzaqda idi. Qaydalara görə cərimə meydançasında müdafiə olunan komandanın futbolçusu rəqib oyunçuya qarşı kobudluq edirsə, top meydançadan kənarda deyilsə, o zaman 11 metrlik cərimə zərbəsi təyin edilir.

Matçın oyunçusu isə Mamadu Kaneni seçmək olar. Qarşılaşmanın startında meydanın mərkəzində xeyli iş görən qvineyalı futbolçu Ömər Buludovun qırmızı vərəqəsindən sonra sağ cinah müdafiəçisi kimi oynamağa başladı. Bu mövqedə də inamlı çıxış edən Kane 72-ci dəqiqədə Medinanı qıcıqlandırıb ona baş zərbəsi endirməsinə və penalti təyin edilməsin səbəb oldu. Etiraza görə ikinci sarı vərəqəni alıb meydandan qovulsa da, Kanen bakıların vacib 3 xal əldə etməsində böyük əməyə sahib idi.

Medina isə özü dediyi kimi “Qarabağ”ın məğlubiyyətinin ən böyük səbəbkarlarından biri idi. Təcrübəsinə baxmayaraq emosional davranışla yadda qalan müdafiəçi klub tərəfindən də, AFFA İntizam Komitəsi tərəfindən də ağır cəzalandırılacaq.

Samir Abasovun “Neftçi”yə gəlişi isə çempionata da, mətbuat konfranslarına da rəng qatıb. Məşqçi kimi özünü “Sumqayıt”da sübut edən gənc çalışdırıcı “ağ qaralar”ı uğura daşıya bilər. Uzun müddətdir uğursuzluqdan əziyyət çəkən "Neftçi" azarkeşlərinin ümidi Abasovadır. "Qarabağ" üzərində qazanılan qələbə onların ümidlərini cücərtdi. Bu qalibiyyət çempionluq demək deyil, ancaq Samir Abasov üçün yaxşı şans yaranıb. Ən azından vaxt verilməsi üçün böyük addımlardan birini atdı. İstədiyi heyəti qura bilməməsi çalışdırıcını builki uğursuzluqdan sığortalasa da, "ağ qaralar"ın azarkeşləri növbəti mövsüm "Qarabağ"ın çempionluq hakimiyyətinə son qoymağı tələb edəcək. Qısa desək, Samir Abasov üçün şans oyunu oldu.

Derbidəki 4 qırmızı vərəqəyə gəlincə, sonuncu dəfə Azərbaycan çempionatlarında belə derbi “Xəzər Lənkəran” və “Neftçi” arasında olub. 2014-cü il noyabrın 24-də Lənkəranda baş tutan və 2:2 hesabı ilə bitən matçda hakim futbolçulara 4 qırmızı vərəqə göstərmişdi.

Digər Xəbərlər
Xəbər Lenti