Abasovun "Neftçi"yə gəlişi ilə dirilən Sabir

23 Yanvar 2021 20:40 Neftçi 1 209
Abasovun "Neftçi"yə gəlişi ilə dirilən Sabir

Yaxşı futbolçu kimi yetişmək və tanınmaq üçün bəzən istedad yetərli olmaya bilər.

Bunun üçün yaxşı məşqçinin əlinə düşmək də şərtdir.

Məsələn, "Neftçi"dəki Sabir Buqrin kimi. Belçikalı yarımmüdafiəçi komandaya yeni gələndə baş məşqçi Füzuli Məmmədov idi. O, Buqrinə yetəri qədər şans vermirdi.

Hətta 90 dəqiqə oynatdığı 1 oyun belə yoxdur. Məmmədovun Sabirdən düzgün istifadə edə bilməməsi onun "uğursuz transfer" damğası ilə damğalanmasına gətirib çıxarmışdı. Ta ki ...

11 noyabr "Neftçi"də məşqçi dəyişikliyi rəsmiləşir. İstefaya göndərilən Füzuli Məmmədovu Samir Abasov əvəzləyir. Abasovun gəlişi ilə Sabirin istedadı da üzə çıxmış olur. Cəmi 10 gün yetərli olur ki, yeni baş məşqçi onu kəşf etsin.

Belə ki, 22 noyabrda gerçəkləşən Qəbələ səfərində Buqrin ilk dəfə "Neftçi"də 90 dəqiqə meydanda yer alır. 4:1 hesablı qələbədə əcnəbi futbolçunun rolu danılmaz idi. Növbəti görüşlərdə də Buqrin davamlı olaraq Abasov tərəfindən şans qazanır.

O, yalnız "Sabah"la oyunda start heyətində görünmür və yalnız sonradan meydana çıxır. Buna səbəb də gənc mütəxəssisin həmin qarşılaşmada oyunu müdafiədən qurmasıdır.

Qış fasiləsində "Keşlə" ilə yoxlama oyunu Buqrinin böyük qayıdışı ilə yadda qalır. Füzuli Məmədovun dönəmində yalnız tənqidlər eşidən futbolçu bir andaca hər kəsin alqışını qazanır, möhtəşəm performans göstərir.

O oyundan sonra da belçikalı və Abasov tərifi haqq edirdi. Amma yoldaşlıq oyunudu deyib üstündən keçdim.

"Səbail"lə son Premyer Liqa oyunu bir daha isbatladı ki, bəli, Buqrin istədiyini Abasovdan ala bilir. O da Abasovun istədiyini meydanda verə bilir. Və nəticədə qarşılıqlı xoş anlaşmadan qazanan tərəf "Neftçi" olur.

Meydanda sərbəstlik qazanan futbolçu artıq davamlı heyətdə şans qazanır. Özündə böyük özgüvən hiss etməsi meydanda düşündüklərini həyata keçirməyə imkan verir.

İnkişaf sürəti belə davam edərsə, Buqrin qarşıdakı görüşlərdə "Neftçi"yə daha çox fayda verəcək. "Qarabağ"la çempionluq mübarizəsi aparan komandada fərdi göstəriciləri yüksək olan belə futbolçuya ehtiyac sonsuzdur.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"