"O vaxtkı Slovakiya ilə indikini müqayisə etmək mənasızdır" - İqor Ponomaryov

19 Noyabr 2019 15:29 Milli komanda 640
"O vaxtkı Slovakiya ilə indikini müqayisə etmək mənasızdır" - İqor Ponomaryov

Milli komandamızın sabiq çalışdırıcısı İqor Ponomaryov Sportinfo.az-a müsahibə verib. O, yığma komandamızın AÇ-2020-dəki çıxışını dəyərləndirib.

- Bu gün Azərbaycan Slovakiya ilə qarşılaşacaq. Milli komandamızın şanslarını necə dəyərləndirirsiniz?
- Düzü, millimizin Slovakiya qarşısında hansı şansının olduğunu düşünməmişəm. Amma mənə elə gəlir ki, bu gün Slovakiyaya qarşı uğurlu oynayacağıq. Futbolçularımız meydana xal qazanmaq üçün çıxacaq.

- Yığmamız son oyunda Uelsə evdə uduzdu. Sizcə, nəyə görə futbolçular rəqibindən xal ala bilmədi?
- Demək ki, Uels futbolçularının istəyi daha çox idi. Üstəlik, onlar ikinci mərtəbədə çox yaxşı oynayır. Həm də bizimkilərlə müqayisədə daha hərəkətli idilər.

- Slovakiya millisi final mərhələsinə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Futbolçularımız sensasiya üçün nə etməlidir?
- Meydana çıxıb ən yaxşı oyunu göstərməlidirlər.

- 2001-ci ildə - sizin baş məşqçi olduğunuz dönəmdə Slovakiyanı evdə məğlub edə bilmişdik. Həmin komanda ilə indiki arasında hansı fərq var?
- Həmin vaxtı qrupumuzda İsveç, Türkiyə və Slovakiya kimi çox güclü komandalar var idi. Hətta Slovakiya final mərhələsinə vəsiqə qazana biləcək favorit komandalar arasında göstərilirdi. Amma onlar bizimlə görüşdə uduzdular. Türkiyə və İsveç dünya çempionatına yollandı. Türkiyə 2002-ci il dünya çempionatında bürünc mükafatçı oldu. İsveç isə 1\4 finala kimi yüksəldi. Amma həmin oyunun üstündən artıq 20 il keçib. İndi həminki Slovakiya ilə indiki arasında müqayisə aparmağın mənası yoxdur.

- Yığmamızda gənclər çoxdur, amma nəticələr də yoxdur. Sizcə, əsas problem nədir, nəyə görə milli uğurlu nəticə əldə edə bilmir?
- Millimiz əslində pis görünmür. Komandada perspektivli gənclər oynayır. Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Ramil Şeydayevin adını çəkmək olar. Bizimkilər topsuz çox hərəkət etməlidir. Belə olarsa, onlar özlərini psixoloji olaraq da yaxşı hiss etməyə başlayacaq. Bu halda nəticələr də gələcək.

- Hazırda millimizin qrupda cəmi bir xalı var. Bu nəticəni necə şərh edərdiniz?
- Təəssüflər olsun ki, hazırda millimizin cəmi bir xalı var. Təbii ki, millinin daha çox xal yığmasını istəyərdik.

- Sizcə, Nikola Yurçeviç postunda qalmalıdır, yoxsa yeni məşqçi gətirilməlidir?
- Bu mənə aid sual deyil. Mən millimizə daha çox hərəkətlilik, düzgün taktiki düzülüş, yaxşı oyun və təbii ki, uğurlu nəticə arzulayıram.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti