Millinin bəlası və ya vahid konsepsiya olmasa, eniş-yoxuş davam edəcək

19 Noyabr 2019 15:43 Milli komanda 644
Millinin bəlası və ya vahid konsepsiya olmasa, eniş-yoxuş davam edəcək

Millimiz ən uğursuz mövsümlərindən birini başa vurmaqdadır. Komanda bu axşam Trnavada son matçına, heç olmasa, daha bir xalı hesabına yazmaq və daha bir şansı qalan rəqibin qanını qaraltmaq üçün çıxacaq.

Slovakiya üçün bu matç həlledici xarakter daşıdığından, futbolçularımız cüzi təpər göstərsələr, prinsipial qarşılaşma gözləməyə dəyər. Bu görüşdə əldə oluna biləcək müsbət nəticənin isə futbolumuza verəcəyi bir şey olmayacaq. Sadəcə, statistika dəyişəcək.

Söz yox ki, sonuncu ev oyununda daha çox şey gözləyirdik. Fəqət, komanda elə bir oyun göstərdi ki, pis də demək olmur, yaxşı da. Buna oyun demək də olar, deməmək də. Tənqidin isə artıq heç bir mənası yoxdur.

Bir sözlə, milli vakuuma düşüb. Kosmosdakı kimi skafandrda, yaxud da reanimasiya otağında süni hava borusuna qoşulmuş xəstə vəziyyətindədir. Vəziyyət sabit, ağır kimi qiymətlənidirilə bilər.

Belə matçların ən pis cəhəti ümumi səviyyə fərqi barədə ümidsizliyə qapıların taybatay açmasıdır: səviyyəmiz budur. Belə olanda sual doğur: bəs istək necə, yoxdur? Təpərdən isə danışmırıq.

Konkret cavab var: Uels kimi rəqiblərlə nəinki oynamaq və rəqabət aparmaq, onlara qalib gəlmək mümkündür. Belə hallarda ən vacib məqam komandanın qələbəyə köklənməsi və nəticə üçün hər futbolçunun bütün qüvvəsini ortaya qoymasıdır. Bunu nə fərdi qaydada (bir-iki istisna ilə), nə də kollektiv kimi müşahidə etdik. Axı dəfələrlə görmüşük ki, həvəs və istək olanda, Azərbaycan millisi meydanda istənilən nəticəyə nail ola bilir.

Əgər ümumi vəziyyət belədirsə, ölkəyə kənardan məşqçi gətirməyin bir mənası yoxdur. Foqtsların, Alberto Torreslərin, Prosineçkilərin adlarının təsiri köklü olmur. Bir müddət üçün "təbliğat maşını" olur, sonra isə yenə vəziyyət dəyişmir. Sual yaranır: fayda yoxdursa, Nikola Yurçeviç və ondan da əvvəl əcnəbi məşqçilər bu ölkəyə niyə gətirilib?

Qarşılarına mütləq və konkret vəzifələr müəyyən edilmirsə, belə də olacaq. Onların iş planı olmalı, ən pis halda, hesabat verməlidirlər. Diqqət etsəz, hamısı həvəslə gəlir, daha sonra isə aşkar desək, dövrünü, erasını başa vurub, gedir.

Əlbəttə, baş məşqçinin Uelslə oyundan sonrakı açıqlamaları ilə razılaşmaq olar. Birinə xüsusi toxunaq. Təbii ki, bir neçə aparıcı futbbolçunun olmaması nəticəyə təsir edə və komanda uduza bilər. Bəs qalanları nə etməlidir? Meydanda bir həvəs, istək, əzm yoxdursa, deməli, nəticəyə bel bağlamaq olmaz.

Yurçeviçin aşkar səhvləri buradan başlanır - meydanda oynayan, çarpışan, vuruşan komanda yox idi. Anlamaq olar: Qaret Beylin adı və özü başağrısı idi. Ancaq bu görüşdə məsələ Beyllə bitmədi. Ən qəribəsi odur ki, ümumilikdə, Ramil Şeydayevin həvəs və istəyindən, əzmkarlığından başqa nəsə görünmədi.

Yeri gəlmişkən, bu heyətin də adının yüksəlməsi üçün çalışan yeganə maraqlı futbolçusu odur. Çünki əldə edəcəyi uğur onun ölkə xaricində uğurlarının təməlini qoya bilər. Ən azı, diqqətdə qalmasını təmin edə bilər. Bəs, o biri futbolçulara bu, lazım deyilmi?

Məşqçinin oyunla bağlı seçimlərini və qərarlarını xüsusi tənqid atəşinə tutmaq doğru olmaz. Bununla belə, məsələyə kompleks yanaşmasında səhvə yol verdiyi açıq-aşkar idi. Komanda standart və şablon düzülüşə köklənmişdi. Matçın gedişində hər hansısa planlaşdırılmış yenilik yox idi.

Konkret standart vəziyyətlər üçün belə bir plan, tapşırıq, hazırlıq görünmədi. Təkcə künc zərbələrinin sayı iki-üç oyuna bəs edərdi. Amma heç birindən düz-əməlli istifadə olunmadı. Hərçənd rəqibi bir azasçıq təftiş etmiş, öyrənmiş olsaydılar, ortada fərqli qərarların məhsulunu görərdik.

Ancaq tək bu deyil, bütün aspektlərdə rəqib heç öyrənilməmişdi. Konkret, oyuna planı çox mübahsələr doğura bilər. Yurçeviçin strateqliyi və yaxud komandanı kökləyə bilməsi bir daha şübhə doğurur.

BATI YAR

Digər Xəbərlər
Xəbər Lenti