"Sonuncu dəfə qrupda bir xal topladığımız yadıma gəlmir"

18 Noyabr 2019 20:50 Milli komanda 638
"Sonuncu dəfə qrupda bir xal topladığımız yadıma gəlmir"

Milli komandamızın sabiq üzvü, "Keşlə"nin futbolçusu Əfran İsmayılov Sportinfo.az-a müsahibə verib:

- "Keşlə” rəhbərliyinin “Neftçi” üzərində qələbəyə görə ikiqat mükafat verdiyi deyilir. Nə qədər mükafat verdilər?
- Bəli, bizə mükafat verildi. Amma məbləği deyə bilmərəm. Zaur Axundovun verdiyi mükafat idi, nə qədər olduğunu deməyim düz olmaz. Hər nə qədər verdi, sağ olsun. Bu sarıdan bizdə hər şey qaydasındadır. Zaur Axundov hər zaman uşaqları başa düşür, çalışır ki, futbolçuların zəhmətinə dəyər versin.

- Hazırda “Keşlə” ikinci pillədədir, amma milliyə cəmi bir futbolçunuz dəvət edilib. Bunu komandadakı legionerlərin çoxluğu ilə əlaqələndirirsən, yoxsa necə?
- Bəli, Nikola Yurçeviç daha çox oyunçu dəvət edə bilərdi. Ruslan Qurbanov, Slakiv Alxasovu da çağırmaq olardı. Çox futbolçumuz var ki, dəvət etmək mümkün idi. Amma baş məşqçi belə qərar verib, hörmətlə yanaşmaq lazımdır. Bundan sonra dəvət edərlər.

- Son dəfə milliyə dəvət olunmağından çox zaman keçib. Formaya düşsən, yenidən yığmaya dəvət olunacağını düşünürsən, yoxsa artıq milli haqda düşünmürsən?
- Əlbəttə ki, formaya düşsəm milliyə dəvət edilə bilərəm. Milli komandanın qapısı hər kəsin üzünə açıqdır. Milli hamımızın millisidir, dəvət edəcəklər gedəcəyik. Hər birimiz milli üçün ürəyini, canını qoymağa hazır olmalıdır.

- Səncə, hazırkı millinin Əfran İsmayılova ehtiyacı var?
- Bilmirəm, buna baş məşqçi qərar verə bilər. Məni dəvət etməyibsə, demək ki, ehtiyac yoxdur. Çağırsa da, əlimdən gələni etməyə hazıram.

- Son oyunda millimizin Uelslə görüşünü izlədin? Səncə, niyə uduzduq?
- Uelslə oyuna baxdım. Bakıda xal götürəcəyimizi gözləyirdim. Millimiz Kardifdə Uelsə qarşı daha yaxşı oynamışdı. Bakıda isə yaxşı oynamadılar.

- Yığma qrupdakı son oyununu Slovakiyaya qarşı səfərdə keçirəcək. Həmin oyunda necə, xal qazanmaq şansımız var?
- Nə bilim, vallah. Hələ heç nə demək olmaz. Oyundan-oyuna fərq olur. İnanmıram ki, səfərdə xal qazanaq. Slovakiyaya qələbə çox lazımdır. Evdə ən güclü oyunlarını göstərəcəklər.

- Nikola Yurçeviçin dövründə hələ ki, cəmi bir xal qazanılıb. Səncə, o, millinin baş məşqçi postunda qalmalıdır?
- Çətin qrup idi, xal yığmağın çətin olacağı görünürdü. Amma bir xal olacağını da gözləmirdim. Ən azından 3-4 xal yığacağımızı gözləyirdim. Qarşıda hələ Slovakiya ilə oyun var. Çətin olsa da, bəlkə xal götürdülər. Qalmalıdır ya yox, bunu mən yox, AFFA rəhbərliyi, onu ora gətirənlər araşdırıb, dəyərləndirəcəklər. Buna mən qərar verə bilmərəm, qərarı onlar verir. Sonuncu dəfə bir xal qazanmağımızı xatırlamıram.

- Hazırkı milli tez-tez Robert Prosineçkinin dövründəki ilə müqayisə edilir...
- Prosineçkinin vaxtında tamam başqa futbol oynayırdıq. Tamam başqa istək, arzu var idi. Heç bir komandadan zəif olduğumuzu fikirləşmirdik, çıxıb öz istədiyimiz oyunu oynayırdıq. Uduzsaq belə istədiyimiz futbolu oynayırdıq, oyunumuzdan da razı qalırdıq. Robert Prosineçki tamam başqa məşqçidir. Mənimlə daha yaxın olmağına görə demirəm. Amma futbolçunu psixoloji olaraq elə hazırlayırdı ki, istənilən futbolçu milli üçün canını verməyə hazır olurdu.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti