"Quru vədlərlə futbolumuzu irəli apara bilmərik" - VETERANLAR NARAZIDIR

17 Noyabr 2019 16:20 Milli komanda 1 565
"Quru vədlərlə futbolumuzu irəli apara bilmərik" - VETERANLAR NARAZIDIR

Dünən AÇ-2020-nin seçmə mərhələsində evdə Uelsə 0:2 hesabı ilə uduzan millimiz qrupda sonuncu oyununu səfərdə Slovakiyaya qarşı keçirəcək. Həmin matçda da məğlubiyyət ehtimalının yüksək olduğunu nəzərə alsaq, yığmamızı bu seçmə mərhələni vur-tut 1 xalla tamamlamaq perspektivi gözləyir. Bu isə o deməkdir ki, millimiz AÇ-1996-nın seçmə mərhələsində qeydə alnan antirekordu təkrarlamış olacaq.

Həm millinin dünənki oyunu, həm də seçmə mərhələdəki biabırçı nəticəsinə münasibət öyrənmək üçün veteranlara - Nazim Süleymanov və Ramiz Məmmədova müraciət etdik. Hər iki mütəxəssis problemin kifayət qədər ciddi olduğunu və artıq quru vədlər əvəzinə, əməli fəaliyyətə keçməyin lazım olduğunu vurğuladı.

Ramiz Məmmədov ("Keşlə"nin idman direktoru,veteran futbolçu): "Əksər mütəxəssislər kimi, mən də oyunu izlədim. Müsbət mənada Nazarovun zərbəsi zamanı topun uelsli futbolçunun əlinə dəyməsini, Şeydayevin oyunu öz üzərinə götürüb rəqibləri keçməsini, bir də Qara Qarayevin oyununu qeyd edərdim. Meydanda millimiz adına bundan başqa müsbət məqam görmədim.

Çoxdandır Qaranın belə oyununu görməmişdim. Həddindən artıq soyuqqanlı oynadı, topları yaxşı payladı. İkinci topların əksəriyyətini o götürdü. Çıxışı çox xoşuma gəldi. Gecikmiş və yanlış əvəzləmələr oldu. Halbuki oyunun aqibətini dəyişə biləcək əvəzetmələr ola bilərdi. Məsələn, Təmkinlə Ağabala meydana daha tez çıxmalı idi. Deyir, "yıxılana balta vurmazlar". Onsuz da hər şey göz qabağındadır. Düzdür, Uelslə səfər və Xorvatiya ilə ev oyunlarında millinin çıxışını bəyənmişdim. Müsbətə doğru nəsə görünürdü. Açıq etiraf etmək lazımdır ki. güclü qrupa düşmüşük. Hər biri adlı-sanlı rəqiblərdir. Razıyam ki, daha çox xal yığa bilərdik. Təəssüf ki, alınmadı. Qrupdan çıxmaq xülya idi, qeyri-mümkün idi.

Bizdə hər bir şərait yaradılır. Bizim vaxtımızda il ərzində 2--3 yoxlama görüşü keçirirdik, onlar da yaxın ölkələrlə olurdu. İndi isə AFFA, sponsorumuz SOCAR tərəfindən istənilən şərait yaradılır. İstənilən ölkə ilə yoldaşlıq oyunu keçiririk. Artıq öz oyun üslubumuzu tapmalıyıq. Fiziki baxımdan zəif ola bilərik. Amma bu, o demək deyil ki, digər komponentlərdə də rəqiblərə uduzmalıyıq.

Digər yaxın ölkələrə baxın. Bədnam qonşularımızın adlarını çəkmək istəmirəm. Görün, nə qədər irəliləyiş var. Halbuki o büdcəylə heç kim tərpənə bilməz. Amma onlar irəliləyişə nail olublar. Biz isə yerimizdə saya-saya gedirik. Yerli mütəxəssislər əcnəbi məşqçilərə müxalifdir və onların bura gəlməsinə qarşıdır. Bəli, elə yerli məşqçilərimiz var ki, millidə işləyə bilərlər. Həmin bir xalı özümüzünkülər də qazana bilər. Quru vədlərlə futbolumuzu irəli apara bilmərik.

Hesab edirəm ki, artıq yerli mütəxəssislərə inanılmalı və onlara şərait yaradılmalıdır. Özümüzünkülər bu işin öhdəsindən layiqincə gələ bilərlər. Çünki uduzulacaq hər oyundan sonra yerli məşqçi evindən, öz otağından çıxmayıb, bunun üzərində işləyəcək. Əcnəbilər isə bunu etmirlər. Tənqid olunurlar, 3-5 günün içində unudulur gedir. Əcnəbilərdən bizə xeyir gəlməyəcək. Keçmiş futbolçu, mütəxəssis olaraq buna inanmıram. Çünki irəliyə doğru nəsə yoxdur. Bəzən sinəmizə döyürük ki, 7, 8, 10 xal yığmışıq. Nəzərə alaq ki, bunlar San-Marino, Andorra üzərində olan qələbələr hesabına olub. Biz o xallarla xalqımızı, futbolsevərlərimizi aldada bilmərik.

Qonşu ölkələr gedib səfərdə Yunanıstanı, Makedoniyanı udur. Onlar xal ehtiyatlarını məhz bunun hesabına artırırlar. İrəliyə doğru addım atmaq lazımdır. İşsiz qalan mütəxəssislərimizi işə cəlb etməli, onların savadından yararlanmalıyıq. Özü də 6 aydan, 1 ildən sonra iş yerini dəyişmək tələbi ilə yox. Federasiyamız, dövlətimiz onların arxasında dayanmalı, onlara inanmalıdır.

Bu gün AFFA rəhbərliyinin UEFA ilə sıx əməkdaşlığı var. Məşqçilərimizi UEFA seminarlarına yollayıb, savadlarını artırmağa kömək etmək lazımdır. Bu yolla inkişafın açarını tapa bilərik. Boş dayanmaq olmaz. Uşaq futbolunun inkişafı üçün bölgələrdə akademiyalar yaradılmalıdır. Bu gün aşağıdan yuxarıya demək olar ki, futbolçu gəlmir. Olan akademiyalar da düz-əməlli işləmir. Çoxu məhv olub. Elə bir struktur yaratmalıyıq ki, həmin uşaqlar bir-birini əvəzləsin. Təəssüflər olsun ki, limitlə Azərbaycan futbolunun kökünü kəsdik. Guya oynayan yaş qrupunu cavanlaşdırmaq istədik, bu da rəqabətin azalmağına səbəb oldu. Kənarda qalan uşaqların, baxın, adları harada hallanır. Görün, Azərbaycan futbolunu hansı acınacaqlı duruma salmışıq. Uşaq futbolunda köklü dəyişikliklər olmalıdır. Ağıla gəlməyən yerlərdə istedadlı uşaqları tapıb, üzə çıxarmalı və akademiyalarda yerləşdirməliyik. Hələ gec deyil. Sıfırın üzərindəyik, amma futbolumuzu yenidən qura bilərik".

Nazim Süleymanov (AFFA Həmkarlar İttifaqının sədri): "Uelsə vacib xallar lazım idi. Biz də 3 xalı onlara verdik. Nə problem var ki? Mübarizə aparmağımıza baxmayaraq, rəqib daha istəkli və ustalıq səviyyəsi baxımından daha yaxşı idi. İlk dəqiqələrdən hiss olundu ki, Bakıya qələbə üçün gəliblər.

Biz isə Allah ümidinə oynayırdıq. Uelslilər hava toplarında çox yaxşı oynayırlar. Birinci qolda da bunu gördük. Pavel Paşayevi də topla birlikdə qapıya saldılar. Müdafiəçimiz həmin epizodda rəqib hücumçuya qarşı daha inamlı oynamalı idi. Bizimki isə uelsli hücumçudan qorxurdu. Bu, sadəcə paradoksdur. Rəqibdən hərtərəfli zəif idik. Dünən stadionda Uels azarkeşləri daha çox idi, nəinki bizimkilər. Elə bil səfərdə oynayırdıq.

İnsanlar həmişə irəli baxır, inkişaf etməyə çalışır. Biz isə deyəsən, geri getməyə çalışırıq. Məsəl var, deyir, bir addım arxaya, iki addım qabağa. Biz isə bir addım qabağa gedəndə, 2 addım geri düşürük. Həqiqətən çox çətindir. Bakı Premyer Liqası, 8 komanda ilə hara gedəcəyik ki? Millinin yaxşı oynaması üçün normal çempionat olmalıdır. Azərbaycanlı futbolçular yerli çempionatda və xarici ölkələrdə normal oynadıqdan sonra yığmadan nəsə gözləyə bilərik. Yalandan bir-birimizi aldatmağın mənası yoxdur.

Məgər, Yurçeviçdən nəsə gözləyən vardı ki? Bu gün milliyə hansısa C kateqoriyası olan yerli məşqçini qoysaydılar, minimum bir xal qazanardı. Burada başqa məqamlar da var. Necə olur ki, az büdcəli Qazaxıstan, Gürcüstan, Ermənistan xal yığırlar, biz isə bacarmırıq? Çünki bizim əsas fikrimiz futbol deyil. Futbolun inkişafı yox, ancaq intriqa yaratmaq haqda düşünürük. Futbolu fikirləşsəydik, bölgələrdə ən azı Qəbələdəki kimi akademiyalar açardıq. Klub yox, lap federasiya özü büdcəsi hesabına bunu edərdi.

Azərbaycan futbolu deyəndə söhbət bütün ölkəni əhatə etməli olan oyundan gedir. Qazaxıstan ona görə çox xal toplayır ki, öz sistemi var. Çempionatda çıxış edən klub bilir ki, bu mövsüm axırıncı yeri tutsa, aşağı liqaya düşəcək. Divizionda çempion olan komanda elitaya yüksələcək. Maraq olmalıdır. Bizdə isə fərqi yoxdur, neçənci yeri tutur-tutsun, deyirlərsə, filan klub çıxacaq, elə də olur. Rəqabət olmayan yerdə hansı inkişafdan söhbət gedə bilər?

Millini yerli məşqçi çalışdırmalıdır. Guya, biz Avropa və ya dünya çempionatına çıxacağıq ki? Gəlin, damı qoyub, yalandan camaata göstərməyək ki, bizim evimiz var. Əvvəlcə bünövrəsini yaxşı quraq və bunun əsasında evi elə tikək ki, sabah külək, yağış olanda aşmasın. Futbolun təməlini təkcə Bakıda qoymamalıyıq. Futbolu bütün bölgələrə, rayonlara yaymalıyıq ki, rəqabət olsun. Şükür Allaha, buna imkanımız da çatır axı.

Müstəqillik qazandığımız ilk illərdə müəyyən problemlər var idi. Bu da normal şeydir. İndi həmin problemlər yoxdur.. İndi də başqa problemlər var. Həmin problemləri kənara tullayıb, futbol haqda düşünmək lazımdır. Pulu futbola yatırıb, uşaqlara yaxşı şərait yaratmalıyıq".

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti