Azərbaycan millisində müxalifətçi kimlərdir?

17 Noyabr 2019 18:07 Milli komanda 1 292
Azərbaycan millisində müxalifətçi kimlərdir?

Futbolda heç vaxt nəticəsi olmayan Pribaltika ölkələri bizim gündədirlərsə, MDB ölkələrinin hamısından az xal toplayan yalnız bizik.

MDB üzvü olmayan qonşumuz Gürcüstan qrupdakı şansını itirsə də, Millətlər Liqasında qrupda birinci yeri tutduğu üçün AVRO-2020-yə 4 vəsiqədən birini qazanmaq şansını saxlayır.

Belarusun da belə bir şansı olacaq. Eləcə də Millətlər Liqasında bizim qrupda lider olan Kosovonun da. Ermənistan iki tur əvvələdək az qalmışdı ki, çempionata vəsiqə qazansın.

Kim qaldı? Moldova da xala görə bizdən üstündür. Rusiyada 7-ci turda öz meydanında Belçikaya biabırçı hesabla(1:4) uduzsa da, artıq Avropa çempionatına vəsiqəni təmin edib. Sonra kimlər qaldı? Malta, Farer Adaları və Lixtenşteyn kimi futbolda "qaz" sayılanlar da bizdən çox xal toplaya biliblər. Bizim qrupda komandamızdan əvvəlki sırada yer alan Slovakiya ilə xal fərqimiz 9-dur! Bu milli komandamızın necə acınacaqlı vəziyyətə olduğunu daha qabarıq göstərir.

Amma "sevindirici" hal da var: Əvvəla, biz bu seçmə mərhələdə son dünya çempionatının finalçısı, millimizin baş məşqçisi Yurçeviçin yerliləri Xorvatiya millisindən xal aldıq. Bu toy-bayram ediləsi, uzun illər futbol mütəxəssislərinin öyrənə bilməyəcəyi, qızıla bərabər xaldır. Gərək onu möhkəm saxlayaq. Üstəlik, Cəbəllütariq də, Latviya millisi də seçmə mərhələdə öz qruplarında xal toplaya bilməyiblər. Urra! Yəni bütün milli komandaların topladıqları xalları hesablasalar, biz 3-cü yerdəyik. Əlbəttə ki, siyahını tərs assalar…

Statistiklər deyirlər ki, mili komandamız son 25 ildə bu cür pis nəticə göstərməyib. Yəni 90-cı illərdə oynadığı səviyyəyə düşüb. Biz bəzi radikal müxalifətçilərdən gileylənirik ki, ölkəmizin əleyhinə təbliğat aparırlar. Bəs, bu cür milli komanda və rəhbərlik necə? Bu barədə düşünmək lazındır. Milli komandanın oyunçusu Qara Qarayev iddia edib ki, sən demə, Azərbaycan ilk dəfədir ki, bu cür güclü qrupa düşüb. Görək, Qara qardaşımız niyə belə deyir? UEFA-nın oktyabr ayında açıqladığı reytinq cədvəlində qrup lideri Xorvatiya 18-ci sırada qərarlaşıb. Qrupda ikinci yerdə qərarlaşan Macarıstan 33-cü yerdə gedir. Uels millisi 47-ci yerdədir. Slovakiya 29-cudur, Azərbaycan isə 26-cı sıradır. Yəni, klub reytinqinin də nəzərə alındığı bu cədvəldə yalnız Xorvatiya bizdən irəlidədir. Qaranın nə günahı var ki? Günah millinin bu cür “qaraldan”, Azərbaycanı rüsvay edənlərdədir.

Azərbaycanın futbol millisinin bu qədər acınacaqlı durumu vicdanı olan hər kəsin ürəyini ağrıdır. Vəziyyət zarafatlıq deyil, amma "dəsmal götürüb" ağlamağın da artıq bir faydası yox. Milli komandada bütün sistemi söküb yenidən "yığmaq", əsil yığma komanda yaratmaq lazımdır. Bu komandaya milyonlar xərcləyib dünyanın ən tanınmış məşqçisini, məsələn Qvardiola, ya indi bekar olan Mourinyunu gətirsən, başını götürüb qaçacaq. Pardon, pulunu da götürüb qaçacaq. Necə ki, indiyədək milli komandaya gələn baş məşqçilər - Qurbanov istisna olmaqla - millini bir yerə çıxara bilməsələr də, ciblərini doldurub gediblər. Yurçeviç heç vaxt baş məşqçi işləməyib, ona dedilər gəl, “dəlləkliyi Azərbaycan millisinin başında öyrən”. O səbəbdən Yurçeviç həmişə optimistdir, həmişə gülərüzdür. Kim ona nə deyəcək ki? Pulun verəcəklər gedəcək, sonra yenə başqa bir "viç" gələcək, heç nə dəyişməyəcək…

Milli komandaya xaricdə oynayan soydaşlarımızın cəlb edilməsi heç nəyi dəyişmir. Şeydayev Rusiya çempionatında iki ayda bir dəfə meydana çıxıb, sən onu gətirib 90 yox e, 190 dəqiqə oynatsan da, komandaya fayda verə bilməyəcək. Sağ olsunlar, gəlib oynayırlar, bunu alqışlayırıq. Fəqət sənin legionerlərin bir qırağa, milli çempionatın boş stadionlarda, xüsusi intriqasız, rəqabətsiz keçirsə, bu milli komandaya fərli oyunçu verə bilməyəcək, yaxşı futbolçu yetişməyəcək, onları xarici klublar transfer etməyəcəklərsə, futbolumuz “axsaq ördəyi” xatırladacaq.

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti