"Rəqib ikinci hissədə bizi yordu" - Qara Qarayev

16 Noyabr 2019 23:45 Milli komanda 466
"Rəqib ikinci hissədə bizi yordu" - Qara Qarayev

Milli komandamızın kapitanı Qara Qarayev AÇ-2020-nin seçmə mərhələsində evdə Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Yarımmüdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib.

- Əlimizdən gələni etdik ki, xal qazanmaq istəyirdik. Ən azından 1 xal bizim üçün yaxşı nəticə olardı. Oyuna da pis başlamamışdıq. Sadəcə, standart vəziyyətdən buraxdığımız qol bizi bir az geri saldı. Buna baxmayaraq, ilk yarı bizim üçün çox yaxşı alındı. Əks-hücumlara çıxa bildik. Hətta 100 faizlik penalti epizodumuz oldu. Onu da hakim vermədi. İkinci qolu buraxmağımız və ilk hissənin bu hesabla bitməsi motivasiyamızı aşağı saldı. İkinci hissəyə 1 top fərqi ilə başlasaydıq, bəlkə də hər şey fərqli olardı.

- Əvvəlki matçlardakı oyun keyfiyyətini bu gün görmədik...

- Düşünürəm ki, birin hissədə lazımı qədər yaxşı oynadıq. Əks-hücumlara çıxdıq, rəqibin cərimə meydançası ətrafında təhlükəli vəziyyətlər yaratdıq. İkinci hissə ilə bağlı sizinlə razıyam. Ön xətdə fəal ola bilmədik.

- İlk hissədə hakim penalti təyin etsəydi, xal götürə bilərdik?

- Necə olacağını demək bir az çətindir. Sadəcə, motivasiya baxımından faydalı olacaqdı.

- Razısan ki, millimiz Kardiffdə daha layiqli mübarizə aparmışdı?

- Kardiffdə geri düşdükdən sonra hesabı bərabərləşdirə bildik. Burada isə ilk hissədən sonra 2 top fərqi ilə geridə idik. Bu, planları pozdu. Əvvəlki oyunlarda da hesab arasında fərq az olanda daha mübariz oynayırdıq. 2-ci topdan sonra isə komanda hardasa ruhdan düşür.

- İkinci hissədə adi ötürmələr də alınmırdı. Bu, motivasiyanın düşməsi ilə bağlı idi?

- Bəhanə gətirmək istəmirəm. İkinci hissədə yorğunluq da var idi. Rəqib topla daha çox oynayıb, bizi yordu.

- Səncə, VAR sistemi olsaydı, millimizin qrupdakı vəziyyəti necə olardı?

- Bu gün 1 yox, ən azı 2 xalımız olardı.

- Son 25 illik statistikada Azərbaycan heç vaxt bu seçmə mərhələdəki kimi zəif nəticə göstərməyib...

- Son 25 ildə bundan güclü qrupda da olmamışıq.

- Almaniya, Rusiya kimi komandalarla eyni qrupda oynamış, xallar qazanmışıq...

- Neçə xal yığdığımızı xatırlamıram. Amma bu qrup çox güclüdür.

- Azərbaycan millisini hansı ölkə ilə müqayisə edə bilərik? Elə bir ölkə varmı?

- Mən həmişə İspaniya ilə müqayisə olunmağımızı istəmişəm. Sizin hansı ölkə ilə müqayisə apardığınızı bilmirəm.

- Son oyunda Slovakiya ilə qarşılaşacaqsız. Hazırkı nəticəni yaxşılaşdırmaq mümkün olacaq?

- İndiki dönəm futbolçular üçün çox çətindir. Çünki formal xarakter daşıyan bir oyuna çıxacağıq. Çalışacağıq ki, yaxşınəticə qazanaq. Futbolçu psixologiyası bu cür oyunlara köklənməkdə çətinlik çəkir.

Digər Xəbərlər
Xəbər Lenti