Yurçeviç sərəncamındakı millini tanımır

16 Noyabr 2019 17:40 Milli komanda 423
Yurçeviç sərəncamındakı millini tanımır

Milli Macarıstanda birmənalı qiymətləndirilməsi mümkün olmayan daha bir oyunu da geridə qoydu.

Əlbəttə, Bəhreynlə yoxlama matçından çox bəhs etməyəcəyik. Çünki bu qarşılaşma nə qədər məqamında və yerində olsa da, ardınca Budapeştdə keçirilən görüş həm daha sonra baş tutub, həm də rəsmi statuslu və daha məsuldur.

Elə bəribaşdan deyək ki, 0:1 bitən qarşılaşma qrupdakı son ümidlərimizin də üzərindən xətt çəkdi. İndi sonuncu yeri tutacaq komandadan yalnız yarışı, heç olmasa, daha bir neçə xalın ümidi ilə başa vurmasını gözləməkdən başqa çarə qalmayıb. Bununla da millimiz yarıev final mərhələsinin heç nəzəri yaxınlığına da yetişə bilmədi.

Macarıstanda holland referinin matçın nəticəsinə təsir edən kobud səhvi yenə gündəmə VAR sistemini gətirdi. Belə səhvlər nə qədər futbolun tərkib hissəsi olsa da, ədalət prinsiplərinin təntənəsi üçün qaçılmazdır.

Çünki bununla hakimin qərarı nəticəyə ikibaşlı təsirli oldu, Azərbaycan millisi bir kənara, ən əsası, nəticə qrup yarışında nəticələrə, komandaların mövqe dəyişikliklərinə təsir etdi, macarlar iddialı kimi 2-ci pilləyə yüksəldilər.

Məhz bu sistem bu məqamda tam yerinə düşərdi. Meydan mövqeyini düz seçməyən, üstəlik, yan xətdəki köməkçisi köməyə çatmayan referinin səhvi son dəqiqələrdə Bəhlul Mustafazadənin vurduğu qolla millimizi yerinə düşər, ya düşməz bir xaldan etdi.

"Komandamız bu bir xalı qazanmağa layiq idimi" sualına çox da uzun müddət düşünüb cavab verməyə ehtiyac yoxdur. Qələbə qazanmağa ev sahibləri də layiq deyildilər. Erkən qoldan sonra onların oyununda elə oyunun özü yox idi.

Əlbəttə, bütün qarşılaşma boyunca komandamızdan üstün oldular, qapımız ağzanda çox göründülər, vəziyyətlər yaratdılar, təzyiqi azaltmaq istəmədilər. Yəqin xorvatların Bakı səfərinin macəralarını bunaqədərki matçdan yaxşı mənimsəmişdilər. Hərçənd bu üstünlükdə macar qığılcımı, macar izi, macar təməli yox idi. Əksinə, milli komandamızın yaratdığı şərait belə təsir bağışlatdı.

90 dəqiqə ərzində komandamız o 1 xalı qazanmaq üçün nə etdi? - axı, bu suala cavabı, çətin ki, tapan olsun. Rəqibin də fəallığı məhz elə bu qəribə aqoniyanın yaratdığı ilğımdan başqa bir şey deyildi. Ümumiyyətlə, artıq Yurçeviçli dövrün də hesabatını görmək, «lehinə-əleyhinə»ləri qarşılaşdırmaq zamanıdır. Məşqçi seçimi nə qədər gec həyata keçirilsə də, hələ də mütəxəssisin bir məqsədli planı, komanda ilə bağlı konkret strateji hədəfləri, bu hədəflər üçün oyun siması bəlli deyil. Bəzən elə gəlir ki, o komandasını heç tanımır da.

Bu komandanın taktiki düzülüşündə, taktiki oyununda, taktiki planlamasında hər hansısa xətdən danışmaq olmur. Hətta xorvatlarla ev matçının xallı nəticəsindən savayı, o görüş də bu mənada heç nə vermədi. Əgər hətta Bəhreyndəki görüşü, ondan əvvəlki və macarlarla qarşılaşmaların işığında süzgəcdən keçirsək, anlamaq üçün bir mənanın ipucunu da görmək mümkün olmayacaq.

Doğrudur, ərəblərin iki qolunun vurulmasına da diqqət edib, bunun Budapeştdə daha pis ssenari ilə davamını gözləmək olardı. Qapıçının böyük zəhməti və bir də kollektiv şans sayəsində ev sahibləri bunu təkrarlaya bilmədilər.

Təbii ki, milli üçün həmişəki məsələ yenə gündəmdə qalır. Baş məşqçinin hesabatsızlığı. Bu ənənəyə son qoymaq üçün Nikola Yurçeviçin seçimini məhz bu şərtlərlə başlamaq lazımdır. Məsələ Yurçeviçin bilik və bacarığında deyil.

Sadəcə, Azərbaycan millisinin futbolçu bazası geniş olmadığından namizədlər arasından ən optimalını seçmək üçün konkret planlarını, imkanlarını, taktiki, strateji düşüncə tərzini öyrənmək, ölçüb-biçmək lazımdır. İndi isə xorvatiyalı mütəxəssisin yerinə yetiriləsi elə bir turnir vəzifəsi qalmayıb.

Komanda bu gün Uels, 3 gün sonra Slovakiya önünə tam sərbəst şəkildə, heç bir məsuliyyət ağırlığının təsiri olmadan da çıxa bilər. Deməli, son iki görüşdə yığmadan heç olmasa, taktiki planda irəliləyiş gözləmək istəyirik.

Bu, həm də Yurçeviç, həm də nüfuzu zərbə alan futbolçular üçün fürsətdir. Nüfuz isə uduzub-uduzmamaqdan asılı olmayaraq onlara verilən qiymətin, onların dəyərinin miqyas göstəricisidir.

BATI YAR

Digər Xəbərlər
Xəbər Lenti