Millimizdə narazılıq - Futbolçular Yurçeviçi saymır?!

15 Noyabr 2019 22:00 Milli komanda 2 489
Millimizdə narazılıq - Futbolçular Yurçeviçi saymır?!

Sabah millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son ev oyununa çıxacaq. Uelslə qarşılaşma öncəsi yığmamızın aktivində cəmi 1 xal var. Könül istərdi ki, Nikola Yurçeviçin çalışdırdığı komanda nəhayət, ilk qələbəsini qazansın. Əlbəttə, bunu hamımız arzulayırıq, amma..

Düşərgədən gələn son xəbərlər nikbin olmağa əsas vermir. Sportinfo.az-a daxil olan məlumata görə, kollektiv daxilində ciddi narazılıq var.

Səbəblər çoxşaxəlidir. Bəhreynlə yoldaşlıq görüşündə qazanılan 2:1 hesablı qələbəyə görə vəd olunan 5000 manat mükafatın, Macarıstan da daxil, ezamiyyə pulunun hələ də ödənilməməsi futbolçularda narahatlığı artırıb.

Digər tərəfdən, baş məşqçidən narazılıq pik həddə çatıb. Birincisi ona görə ki, Yurçeviç nizam intizama diqqət yetirmir, məşqlərə barmaqarası yanaşır. Ötən 2 oyunda qarşılaşdığımız rəqiblərin analizi üçün cəmi 3 dəqiqəlik toplantı keçirib.

Oyunçulara mövqelərini izah edən xorvatiyalı mütəxəssis əlavə məlumat və tapşırıq verməyib, qarşıdakı komandanın zəif və güclü tərəflərini söyləməyib, bir neçə ümumi sözlə kifayətlənib.

Yurçeviçin hazırlıq prosesi zamanı taktiki gedişlərə az diqqət yetirməsi, məşqlərdə zəif təsir bağışlayan futbolçuları əsas heyətdə meydana buraxması Ramil Şeydayev başda olmaqla, əksər komanda üzvlərini hiddətləndirib.

Onlar bu barədə həm AFFA rəsmilərinə, həm də Yurçeviçin özünə şikayət ediblər.

Futbolçulara saat 22:00-dan millinin Mərdəkandakı bazasını tərk etmək qadağan olunub. Ancaq cəmi 4-5 nəfər bu qaydaya əməl edir. Çay evi və qəlyan axtarışına çıxan oyunçuların 2-3 saatdan tez geri dönməməsi adət halını alıb.

Yurçeviç bununla maraqlanmır. Heç onun köməkçiləri də. Hətta futbolçuların bir neçəsi baş məşqçidən bu kimi hallara diqqət yetirməsini istəyib, o isə mövzunu dəyişib. Xaraktercə yumşaq olan Yurçeviç cəza tədbirlərinin heç nəyə yaramayacağını söyləməklə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti