Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunacaq

31 Mart 2020 23:50 Maraqlı 312
Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunacaq

"Azərbaycan hökuməti ölkədə makro-iqtisadi sabitliyi qorumaq, koronavirus infeksiyasının iqtisadiyyata vurduğu ziyanın minimuma endirilməsi üçün ciddi və sistemli tədbirlər həyata keçirir".

Sportinfo.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart tarixli sərəncamı ilə koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı konkret təkliflər hazırlamaq üçün dörd işçi qrupu yaradılıb:

"Bildiyiniz kimi, işçi qruplarından birinə də İqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edir. Mikayıl Cabbarov martın 31-də cənab Prezident İlham Əliyevin qəbulunda olarkən bildirdi ki, konkret təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Mən hazırlanan təkliflərlə tanış oldum və bir iqtisadçı kimi bildirmək istərdim ki, bu təkliflər kifayət qədər sistemli yanaşma, müqayisəli təhlillər və dərin araşdımalar nəticəsində hazırlanıb. Təkliflər reallığı əks etdirir və Azərbaycanın gələcəkdə inkişaf imkanlarının genişləndirilməsinə yönələn tədbirləri özündə ehtiva edir".

Z.Səmədzadə vurğulayıb ki, görülən işlərin miqyası çox geniş və əhatəlidir: "9 proqram hazırlanıb. İlk növbədə dəstək proqramının maliyyə tutumu barədə bildirmək istərdim. Yəni dövlət tərəfindən iqtisadiyyatın aparıcı sektorlarına, ziyan çəkən sahələrə dövlət dəstəyi 2.5 milyard manat olacaq. Bu, dövlət büdcəsinin təqribən 10 faizini təşkil edir. Əgər Azərbaycan iqtisadiyyata dövlət büdcəsinin 10 faizi qədərində maliyyə dəstəyi ayırırsa, bu, dövlətin ziyanı aradan qaldırmaq imkanlarından xəbər verir".

Z.Səmədzadə bildirib ki, Azərbaycan bu zərəri aradan qaldırmaq üçün heç bir beynəlxalq təşkilata müraciət etmir: "Yalnız özünün daxili imkanları hesabına zərəri aradan qaldırmağa çalışır. Bu isə bizim son 15 il ərzində əldə etdiyimiz uğurların məntiqi nəticəsidir".

Deputat vurğulayıb ki, dəstək çərçivəsində şəffaf işləyən sahibkarlar işçilərinin əməkhaqlarının da bir hissəsini dövlətdən alacaqlar: "Yəni dövlət əmək müqavilələrinin sayından asılı olaraq sahibkarlara dəstək göstərəcək. Bu isə qeyri-dövlət sektorunda çalışan 300 mindən çox insanı əhatə edəcək".

Z.Səmədzadə qeyd edib ki, bəzi sahələr, o cümlədən turizm koronavirusun 100 faiz təsirinə məruz qalıb və bildiyiniz kimi, bu müəssisələr Nazirlər Kabinetinin qərarı ilə öz fəaliyyətlərini dayandırıb: "Fəaliyyətini məcburən dayandırmış subyektlərə dövlət tərəfindən kömək olacaq və bu da Azərbaycan dövlətinin ölkə iqtisadiyyatının qorunması üçün atdığı ən vacib addımlardan biridir.

İqtisadiyyat Nazirliyinin hazırladığı təkliflər çərçivəsində kiçik sahibkarlara dəstək diqqəti xüsusi cəlb edir. Azərbaycanda mikro və fərdi sahibkarlar var ki, onların da sayı təqribən 290 min nəfərdir. Eyni zamanda biznesə vergi güzəştləri tətbiq ediləcək ki, bu da çox ciddi bir addımdır və güzəştlər hesabına Azərbaycanda biznes mühiti qorunub saxlanılacaq. Vacib məsələlərdən biri də vergi ödəyicilərinin bank kreditlərinə dəstək verilməsidir".

Digər Xəbərlər
Xəbər Lenti