“Arsenal”ı böhrandan hansı məşqçi çıxara bilər?

10 Dekabr 2019 21:05 Maraqlı 832
“Arsenal”ı böhrandan hansı məşqçi çıxara bilər?

"Vest Hem"lə dünənki oyunu nəzərə almasaq, “Arsenal” ardıcıl 9 oyun idi ki qələbə üzünə həsrət qalmışdı. Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Ayntraxt"la görüşündən sonra Unay Emerini istefaya göndərən London klubunun rəhbərliyi ispan çalışdırıcını müvəqqəti olaraq onun köməkçisi Fredrik Lyunberqlə əvəzlədi.

Lakin "topçular"ın sabiq yarımmüdafiəçisinin peşəkar səviyyədə baş məşqçilik təcrübəsinin olmaması hər tur özünü aşkar büruzə verir. İsveçlinin müvəqqəti təyinatından sonra yalnız bir qələbə qazanan "Arsenal"ı düşdüyü böhrandan kimin çıxara biləcəyi əsas müzakirə mövzularından biridir.

Londonlulara uğursuzluq zolağından çıxmağa kömək edə biləcək namizədlər çox olsa da, yəqin, rəhbərlik, konkret qərarını dekabr, yaxud yayda verəcək. Təbii, Lyunberqin qarşıdakı oyunlarda özünü necə göstərəcyindən də çox şey asılıdır. Biz isə Premyer Liqada hazırda 10-cu pillədə qərarlaşmış komandaya uğur qazandıra biləcək ən ideal, real variantları - tanınmış adları gözdən keçirək.

Mikel Arteta (“Mançester Siti”nin baş məşqçi köməkçisi)
İngiltərə mətbuatı mümkün variantlar içərisində 37 yaşlı ispan - 2011-ci ildən 2016-cı ilədək "Arsenal"da oynamış və karyerasını başa vurandan sonra Xosep Qvardiolanın dəvətilə "Mançester Siti"nin məşqçilər korpusunda yer alan Mikel Artetanın şanslarını real qiymətləndirir. 3 ildir köməkçi məşqçi olmasına rəğmən, həmkarlarımız onun keçmiş klubuna yeni nəfəs gətirə biləcək potensialda olduğunu düşünür. Onların fikrincə, "Arsenal"ı Artetaya tapşırmaq daha yaxşıdır, nəinki Lyunberqin ixtiyarında saxlamaq.

Marselino Qarsiya Toral (işsiz)

Sentyabrda klub rəhbərliyi ilə aralarında yaşanan insidentdən sonra istefaya göndərilən "Valensiya"nın sabiq baş məşqçisi Unay Emerinin boş buraxdığı posta ən real namizədlərdən biri kimi göstərilir. Britaniyalıların əksəriyyəti 54 yaşlı ispan çalışdırıcının Londonda uğur qazanmaq ehtimalını yüksək dəyərləndirsə də, onun gəlişi ilə Emerinin etdiyi səhvlərin yenidən təkrarlanacağını güman edənlər də az deyil. Odur ki, "Arsenal"a namizəd göstərilən Toralın təyinatı 100 faiz real deyil.

Brendan Rocers (“Lester Siti”)

Brendan Rocers variantı ''Arsenal' üçün yaxşı seçim ola bilərdi. Lakin 46 yaşlı mütəxəssisin "tülkülər"lə yeni - 2025-ci ilə qədər müqavilə bağlaması ehtimalları alt-üst etdi. Namizədliyi barədə açılamasında "Lester"də hər şeydən məmnun olduğunu deyən Rocers bütün fikrini hazırkı fəaliyyətinə yönəltdiyini vurğulayıb. Onun komandası premyer Liqada lider "Liverpul"un ən yaxın izləyicisidir - aralarında 8 xal fərq var.

Maurisio Poçettino (işsiz)

Ötən mövsüm "Tottenhem"i Çempionlar Liqasının finalına çıxaran Maurisio Poçettino Londonun şimalındakı fəaliyyətini davam etdirə bilmədi. Uğurlu məşqçi imici formalaşdıran, lakin klubdaxili çaxnaşmaların "qurbanı" olan argentinalı mütəxəssis hazırda işsizdir və istirahətini doğma vətənini gəzməklə keçirir. Poçettinonun adı "Arsenal"dan başqa, "Bavariya", "Barselona" və "Real""la yanaşı da çəkilir və kifayət qədər uğurlu ola biləcəyi şübhə doğurmur.

Nuno Eşpiritu Santu (“Vulverhempton”)
Ötən mövsümün sonunda "Vulverhempton"a uzun illərdən sonra Avroliqa bileti sifariş edən 45 yaşlı portuqaliyalı məşqçi "canavarlar"ın cari mövsüm qitənin ikinci nüfuzlu klub turnirində 1/16 finala çıxmasının bir nömrəli səbəbkarıdır. Kifayət qədər uğurlu fəaliyyət trayektoriyası ilə diqqətləri çəkən Santunun hətta London klubunun rəhbərliyi ilə danışıqlar apardığı deyilir. Lakin "Vulverhempton"la anlaşması yaya qədər olan çalışdırıcının "topçular"ın sükanı arxasına keçməsi yalnız yayda reallaşa bilər. Britaniya mətbuatı da portuqalın "Arsenal"a uğur qazandıra biləcəyinə inanır.

Patrik Vieyra (“Nitsa”)

Nəhayət, karyerasının ən yaxşı vaxtlarında 9 ilini London klubuna sərf etmiş, "Arsenal"ın baş məşqçisi olmağa real namizədlərdən, hazırda Liqa 1-də "Nitsa"nı çalışdıran dünya və Avropa çempionu Patrik Vieyra. İngiltərə klubunun rəhbərliyinin 43 yaşlı veteran yarımmüdafiəçi ilə də danışıqlara başladığı, mümkün əməkdaşlığı müzakirə etdiyi deyilir. Məlumatlara inansaq, Vieyra yaydan etibarən keçmiş klubunun baş məşqçisi olmağa razılıq verib.

Nəzri ƏLİSOY

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!