"Özüm vurmaq istədim, amma baş məşqçimiz dedi ki..."

2 Fevral 04:00 Araz-Naxçıvan 1 613
"Özüm vurmaq istədim, amma baş məşqçimiz dedi ki..."

Sportinfo.az “Araz-Naxçıvan”ın hücumçusu Elvis Maşikenin müsahibəsini təqdim edir:

- Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda öz meydanınızda “Qəbələ” ilə 1:1 hesablı bərabərə qaldınız. Qələbə qazanmaq üçün nə çatışmadı?

- Kubok oyunları çempionatdan fərqlənir. Düzdür, qalib gələ bilmədik. Lakin hələ heç nə məlum deyil. Qarşıda cavab görüşü var. Əlimizdən gələni edəcəyik ki, həmin matçda qalib gəlməklə yarımfinala adlayaq. Kubok bizim üçün çox önəmlidir.

- Rəqib ikinci hissədə azlıqda qalsa da, bundan istifadə edə bilmədiniz...

- Təəssüf ki, ikinci qolu vurmaq mümkün olmadı. Amma "Qəbələ"nin də şansları vardı. İstənilən halda cavab görüşünə çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq.

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?

- Şanslar bərabərdir. İlk görüşdən sonra komandalardan heç biri üstünlük qazana bilmədi. Düzdür, “Qəbələ” ikinci görüşdə ev sahibi olacaq. Lakin bu, ciddi fərq etmir. Bizim üçün finala bərabər görüş olacaq. Mütləq qalib gəlməliyik. Yarımfinala adlamağı çox istəyirik.

- Penalti epizodunda kənardan belə görünürdü ki, zərbəni siz yerinə yetirmək istəyirsiniz. Sonradan topu komanda yoldaşınıza verməyinizə səbəb nə oldu?

- Bəli, penaltini yerinə yetirmək istəyirdim. Lakin baş məşqçimiz dedi ki, zərbəni Turan vursun. Təəssüf ki, onun da zərbəsi qeyri-dəqiq alındı.

- Çempionatda son turlar qələbə qazana bilmirsiniz. Düşünmək olar ki, “Araz-Naxçıvan”ın kubokdan avrokuboklara yollanmaq şansı daha yüksəkdir?

- Əlbəttə, kubokdan avrokuboklara vəsiqə qazanmaq daha yaxşıdır. Yol qısadır. Üstəlik, kubokun qalibi Konfrans Liqasına deyil, Avroliqaya yollanacaq ki, bu da əlavə üstünlükdür. Ancaq bu o demək deyil ki, çempionat bizim üçün önəmli deyil. Hər iki yarışda sona qədər mübarizə aparacağıq.

- Premyer Liqanın 21-ci turunda Qəbələdə “Kəpəz”in qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Vaxtımız azdır. Kuboka görə sıx qrafikdə oynayırıq. Rəqibin isə kubokda mübarizəni dayandırdığından bu matça daha rahat hazırlaşmaq imkanı var. Odur ki, bizi çətin oyun gözləyir. Əslində, Azərbaycan çempionatında heç bir oyun asan keçmir. Bütün gücünü meydanda qoymalısan. Biz də “Kəpəz”lə matçda əlimizdən gələni edəcəyik ki, qələbə həsrətinə son qoyaq (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!