Ayxan Abbasovun həqiqəti - Kvabena Ovusudan Filipe Paxtmana kimi...

22 Oktyabr 2022 21:20 Maraqlı 1 258
Ayxan Abbasovun həqiqəti - Kvabena Ovusudan Filipe Paxtmana kimi...

"Runi Eva 5 qol vurub. Özü də "Turan Tovuz"da.

Digər komandalarda hücumçu göstərərəm ki, Runinin aldığının üç qatını alır və bir qolu da yoxdur".

Bu fikirləri dünən "Qarabağ"la oyundan sonrakı mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov dilə gətirib.

Kifayət qədər məntiqli və həqiqəti özündə əks etdirən açıqlamadır. Sadəcə gənc mütəxəssis etik normaları qoruyaraq ad çəkməyib.

Kiçik araşdırma aparıb, Abbasovun nəzərdə tutduğu forvardların axtarışına çıxdıq. Sadəcə bir qədər geniş baxış bucağından mövzuya baxmağı məqsədə uyğun bildik.

Belə ki, mütəxəssisin dediyi 1 qol belə vurmayanları yox, konkret Evadan bahalı olub, amma daha az qol vuranlara göz gəzdirdik.

İlk öncə onu vurğulayaq ki, “Turan Tovuz”un kamerunlu legioneri meydana çıxdığı 8 görüşdə aktivinə 5 qol və 2 asist yazdırıb.

İndi isə keçək onunla müqayisədə daha baha olan, amma statistikada ona uduzanların siyahısına:

Kvabena Ovusu – “Qarabağ”ın parlayan ulduzu avrokuboklarda vurduğu vacib qolların fonunda Premyer Liqada o qədər də aktiv deyil. Həmkarları – Ramil Şeydayev (10qol) və Musa Qurbanlı (8 qol) bombardirlik cədvəlində zirvəni bölüşdüyü halda qanalının aktivində cəmi 3 qol və 2 asist var.

David Volkov – Yay fasiləsində “Zirə”ni “Sabah”a dəyişən hücumçu hələki gözlənilən oyunu göstərmir. Bu, onun statistikasında da özünü əks etdirir. 10 oyunda gürcüstanlı forvard cəmi 2 qol vurub və eyni sayda da asistlə yadda qalıb.

Emmanuel Apeh – Digər “Sabah”lı da Evanın kölgəsində qalmaqdadır. 25 yaşlı nigeriyalı meydanda olduğu 10 görüşdə aktivinə 3 qol və 2 asist yazdıra bilib.

Qodsvey Donyo – “Neftçi”nin yayda heyətinə qatdığı legioner oyunçu 8 Premyer Liqa matçında cəmi 2 dəfə adını tabloya yazdıra bilib. 2 halda isə komanda yoldaşlarına bu fürsəti yaradıb.

Yeqor Boqomolski - Donyonun komanda yoldaşı olan belaruslu 8 matçda cəmi 1 qol və 2 asistlə yadda qalıb.

Rafael Utziq , Ramon Maçado və Felipe Santos – “Qəbələ”nin braziliyalı triosu birlikdə Eva qədər fərqlənə bilib. Rafael 1 qol, 2 asist; Ramon 2 qol, 1 asist; Felipe 1 qol, 3 asist.

Filipe Paxtman – Braziliyalı forvardın bütövlükdə “Zirə” statistikası fiaskodur. Zədələrdən başı açılmayan legioner “Zirə” formasında meydana çıxdığı 10 oyunda bir sarı vərəqə ilə yadda qalıb. 10 görüşdən 4-ü hazırkı mövsüm Premyer Liqa matçlarına təsadüf edir.

Əslində siyahını daha da uzatmaq olardı. Sadəcə turnir cədvəlində “Turan Tovuz”dan yuxarı pillədə olan kollektivlərə üstünlük verdik. Statistikası göstərilən forvardlar Evadan kifayət qədər bahalı olduğu kimi, komandaları da kifayət qədər böyük fərqlə "Turan Tovuz"dan yüksək büdcəyə sahibdir.

Məncə, real mənzərəni qiymətləndirmək üçün yuxarıdakı siyahı da yetərlidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti