AFFA rəsmisi Premyer Liqa klubundan ayrılan məşqçiyə elə sual verdi ki...

17 Sentyabr 2022 19:40 Maraqlı 1 579
AFFA rəsmisi Premyer Liqa klubundan ayrılan məşqçiyə elə sual verdi ki...

"Kəpəz" yeni mövsümə Yaşar Vahabzadənin rəhbərliyi altında start verdi.

Lakin ardıcıl məğlubiyyətlər təcrübəli mütəxəssisin cəmi 4 turdan sonra istefa verməsi ilə nəticələndi.

Amma Vahabzadə Gəncə təmsilçisindən ayrılsa da, adı klub ətrafındakı müzakirələrədən tam çəkilməyib.

Belə ki, son olaraq yeni baş məşqçi Tərlan Əhmədov "Turan Tovuz"la oyundan sonrakı mətbuat konfransında komandanın fiziki durumundan və hücum xəttindən şikayətlənməklə sələfinin bostanına daş atmışdı.

Çox keçmədi ki, sabiq çalışdırıcı elə mətbuat vasitəsiə Əhmədovun cavabını verdi:

"Tərlan Əhmədovun "Kəpəz"i fiziki cəhətdən zəif komanda sayması fikriylə qəti razılaşmıram. Mənim rəhbərliyim altında komanda 4 oyun keçirdi.

Hər görüşdə də hücumlar təşkil edir, qollar vururduq. Müdafiədə oyunumuz alınmasa da, irəlidə pis çıxış etmirdik.

Həmçinin “Kəpəz” 5-ci turda adlı-sanlı "Qarabağ"a qarşı itkilərlə çıxsa da, 90 dəqiqə yaxşı müdafiə olundu, komanda şəklində qapandılar, sadəcə, ani səhvdən qol buraxdı.

Hələ ki güclü "Qarabağ"a ilk ciddi müqaviməti "Kəpəz" göstərib. ÇL-də Polşa, Macarıstan, İsveçrə çempionlarını darmadağın edən ağdamlılar "Kəpəz"i güclə 1:0 uddu.

Sözümün canı odu ki, komanda meydana çıxıb qollar vurur, son çempiona qarşı ciddi müqavimət göstərirsə, necə demək olar ki, fiziki cəhətdən hazır deyil".

Yaşar müəllim Tərlan Əhmədovun iradına cavab verməklə canını qurtarsa, nə var idı ki...

O, bununla yeni tənqidə tuş gəlmiş oldu. Bu dəfə hazırda AFFA-da milli komandaların skautu kimi çalışan İlqar Qurbanov onun açıqlamasına irad tutub.

Qurbanov sosial şəbəkədə "11 nəfər qapıda durmaq nə vaxtdan müdafiə futbolu olub?" deyə, açıqlamaya ironiyalı sualla reaksiya verib.

Deyəsən, Yaşar Vahabzadə işdən rəsmi ayrılsa da, adı ətrafında müzakirələr hələ çox davam edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti