"Xəzər Lənkəran"lıların sevimlisindən ANORMAL KARYERA - 21 ilə sığan 18 klub

24 Dekabr 2021 22:20 Maraqlı 1 643
"Xəzər Lənkəran"lıların sevimlisindən ANORMAL KARYERA - 21 ilə sığan 18 klub

Mirça Rednik - "Xəzər Lənkəran" sevərlərin xüsusi rəğbət bəslədiyi ad.

Birvaxtlar cəmi 1,5 il Lənkəran təmsilçisində çalışan rumuniyalı mütəxəssis yerli publikanın böyük sevgisini qazanmışdı.

Əbəs deyil ki, onun "Xəzər Lənkəran" azarkeşləri ilə vidalaşdığı son görüşdə bir çox fanat göz yaşlarına hakim ola bilməmişdi.

Artıq 10 ildən artıqdır Rednik ölkəmizi tərk edib. Əminəm ki, hələ də onun haqqında xəbərləri nostalji hisslərlə oxuyan minlərlə cənublu azarkeş var.

59 yaşlı mütəxəssis də "sağ olsun" onları xəbərsiz qoymur. Düzdü, bu, heç də onun aşıb-daşan uğurları ilə bağlı deyil. Sadəcə 3-5 aydan bir klub dəyişən məşhur sima hər dəfə mətbuatımızın manşetinə ya "Sabiq "Xəzər Lənkəran"lı istefa verdi" başlığı ilə çıxır, ya da "İstefaya göndərildi" başlığı ilə.

İki gün əvvəl növbəti istefa xəbəri saytlarımızda işıq üzü gördü. Bu dəfə isə cəmi 2,5 ay əvvəl təyinat aldığı "Dinamo" (Buxarest) onunla yolları ayırdı. Bu, onun "Xəzər Lənkəran" karyerasından sonrakı 10 ildə 11-ci klubu kimi tarixə keçdi.

Rednikin bu müddətdə "Dinamo"nu ayrı-ayrı vaxtlarda üç dəfə çalışdırmasını da demək yerinə düşər.

Ümumilikdə isə Rednik 21 illik məşqçilik karyerasında 18 klub çalışdırıb. Bu müddətdə "Dinamo"nu (Buxarest) 5 dəfə, "Rapid"i isə 3 dəfə müxtəlif vaxtlarda çalışdırıb. Ən çox duruş gətirdiyi klub isə elə "Xəzər Lənkəran" olub. O da cəmi 17ay...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti