"Arxasınca baxa-baxa qaldım, əsəbimdən bilmədim nə deyim"

28 Aprel 2021 19:40 Maraqlı 1 351
"Arxasınca baxa-baxa qaldım, əsəbimdən bilmədim nə deyim"

İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar.

Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil.

Məşqçilər, hakimlər klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi.

“Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik.

Rubrikanın budəfəki qonağı veteran futbolçu, uzun illər ölkənin aparıcı klublarının və millinin şərəfini qoruyan, İranda legioner həyatı yaşayan, karyerasını başa vurandan sonra “Sumqayıt”ın, “Neftçi”nin sabiq, “Keşlə”nin hazırkı idman direktoru Ceyhun Sultanovdur.

“Onun söylədiklərini sms ilə radioya göndərdim”
“Kəpəz”də oynadığın vaxt idi. Bir gün məşqdən bazaya qayıdırdıq. Avtobusa oturan kimi sürücü hansısa FM dalğasını tutdu və səs verdi. Orda da “kim harda yaşayır və ora necə yerdi” mövzusu müzakirəyə çıxarılmışdı. Komandanın baş məşqçisi Fuad İsmayılov Qusarda yaşamışdı. O da mövzuya uyğun olaraq, başladı bizə Qusarı, oranın camaatını tərifləməyə. Mən də eləmə tənbəllik onun dediklərini sms ilə yazıb radioya göndərdim. Heç üstündən 5 dəqiqə keçməmiş radionun aparıcısı mənim mesajımı oxumağa başladı: “Qusar əla yerdi, təbiəti gözəldi, mən orda çox yaxşı günlər keçirmişəm. İmza Fuad İsmayılov”. Fuad müəllim bunu eşitmişdi ki, çevrilib arxaya baxdı, ancaq heç nə başa düşmədi. Yenidən Qusarla bağlı xatirələrini bizimlə bölüşməkdə davam etdi. Mən yenə onun söylədiklərini sms ilə radioya göndərdim. Bir neçə dəqiqə sonra aparıcı yenidən canlı efirdə “Qusar camaatı çox qonaqpərvərdi, insanları çox istiqanlıdı, qonağa həmişə hörmətlə yanaşırlar” söyləyib onu da əlavə etdi ki, bu mesajı da Fuad ismayılov adlı dinləyicimiz göndərib. İndi Fuad müəllim əməlli-başlı çaşıb qalıb. Özünə də qəribə gəlir ki, bu nə sirrdi? Onun söylədikləri radioda deyilir. O bizə nə demişdisə, aparıcı qız radioda həmin sözləri səsləndirirdi. Bu azmış kimi, hələ adını da çəkirdi. Uşaqlar da uğunub gediblər gülməkdən. Bir neçə saniyə fikrə dalan Fuad müəllim artıq söhbəti tutdu və mənə tərəf boylanaraq “bilirəm ki, sənin işindi” deyib, Qusar söhbətinə nöqtə qoydu.

“Südü bu aparatda çəkirəm və qaymağı üzə çıxır”
“Kəpəz”lə Antalyaya - təlim-məşq toplanışa yollanmışdıq. Mənim qaldığım otaqla baş məşqçinin otağı yanaşı idi. Hər gün səhər qəribə bir motor səsinə yuxudan oyanıram və sonradan yata bilmirəm. Bir gün, üç gün - bu səs yenə gəlir. Artıq boğaza yığılmışam. Yuxusuz qaldığımdan məşqlərdə də əziyyət çəkirdim. Özü də həmişə eyni vaxtda o səsi eşidirəm. İndi maraq məni götürüb ki, oteldə səhər saat 5-6-da motoru işə salan kimdi? Özü də motor cəmi 5 dəqiqə işləyir və sonra dayanır. Az işləməsinə baxmayaraq, çox eybəcər, hamını narahat edən bir səs yayılırdı. Bir gün dözməyib otaq yoldaşımla danışdıq ki, kameranı əvvəlcədən hazırlayaq. Motor işə düşən kimi dəhlizə çıxıb kameranı işə saldıq ki, həmin adamı ifşa edək. Çəkiliş aparmaqda məqsimiz odu ki, şikayət üçün əlimizdə sübut olsun. Axşamdan hər şeyi planlaşdırıb yatdıq. Səhər eyni vaxtda motor işə düşdü. O dəqiqə kameranı əlimizə götürüb dəhlizə çıxdıq və gördük baş məşqçimiz Furad İsmayılov dayanıb. “Bu nədi Fuad müəllim” demişdim ki, “sən bilməzsən, Ceyhun. Hər gün bizə verilən südü bu aparatda çəkirəm və qaymağı üzə çıxır. Həmin qaymağı isə mən yeyirəm” dedi. Sonra da heç nə olmayıbmış kimi otağına getdi. Onun arxasınca baxa-baxa qaldım, əsəbimdən bilmədim nə deyim.

“Bu üzdən yerli futbolçular sözü bir yerə qoymuşuq ki...”
İranda legioner həyatı yaşadığım dönəm idi. “Maşınsazi”də 4 azərbaycanlı futbolçu çıxış edirdik. Mən, Füzüli və Xaqani Məmmədovlar, Bəhram Şahquliyev. Həmin ərəfədə maaşlarımız gecikirdi. Bir gün yerli futbolçular bizə yaxınlaşaraq “pullarımız verilmir. Bu üzdən yerli futbolçular sözü bir yerə qoymuşuq ki, növbəti çempionat oyununa çıxmayaq. Siz nə deyirsiz” soruşdular. Biz də komandanın yanında olduğumuzu bildirdik. Həmin gün Tehrana uçmalıydıq. Oyuna yollanmadığımızı düşünüb stadionda özümüz üçün qaçıb, bir qədər tər çıxardıqdan sonra otağımıza döndük. Duş qəbul edib televizoru açmışdıq ki, diktor “Maşınsazi”nin Tehran klubuna 0:1 hesabı ilə yenildiyini bildirdi. İndi çaşıb qalmışıq, elə fikirləşdik ki, telekanalda səhv məlumat verdilər. Bir qədər keçəndən sonra məlum oldu ki, iranlı futbolçular bizə “oyuna çıxmayacağıq” deyib, əslində Tehrana yollanıblar. Bizi isə rəhbərlik qarşısında pis vəziyyətdə qoyublar.

“Biz nə hərəkət etsək, sən də onu təkrarla”
Bir dəfə “Maşınsazi” ilə Məşhədə oyuna yollanmışdıq. Matçdan öncə komanda ilə birgə İmam Rzanın qəbrini ziyarət etməyə getdik. Ziyarətdən sonra məsciddə namaz qılmalıydıq. Həmin vaxt mən artıq namaz qılsam da, Füzuli hələ başlamamışdı. Ona “namaz qıla bilməsən də, bizimlə birgə məscidə gir və biz nə hərəkət etsək, sən də onu təkrarla” deyib, bizimlə gəlməsini istədik. İndi biz nə edirik, Füzuli də onu edir. Futbolçulardan biri səcdə edərkən möhür alnına yapışdı. Füzuli bunu görmüşdü ki, başladı möhürü alnına yapışdırmağa. Məsciddə də gülmək olmaz axı. İndi özümüzü zorla saxlayıb namaza davam edirik, Füzili isə öz aləmindədi. Hər vəchlə möhürü alnına yapışdırmağa çalışır. Birtəhər namazı başa vurub çölə çıxdıq. İndi bizi çöldə saxlamaq olar... Bu günə kimi o hadisəni yada salıb gülürük (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti