"Rüstəm Əfsərlinin birbaşa efirdə bunu deməsi mənim üçün xoş sürpirz oldu" - İsmayıl Abdullayev

13 Aprel 2021 20:20 Maraqlı 1 373
"Rüstəm Əfsərlinin birbaşa efirdə bunu deməsi mənim üçün xoş sürpirz oldu" - İsmayıl Abdullayev

Hazırda "Neftçi" TV-də çalışan "İdman TV"nin sabiq şərhçisi İsmayıl Abdullayevin "CBC Sport"da fəaliyyətə başladığını xəbər vermişdik.

Abdullayev bundan sonra "Neftçi" TV ilə bərabər həm də "CBC Sport"da işini davam etdirəcək.

Məşhur şərhçi "CBC Sport"a keçidi barəsində Sportinfo.az-a danışıb: "Əslində bu proses daha əvvəl olacaqdı. Bu barədə mən və CBC Sport, daha doğrusu telekanalın şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli arasında kiçik şifahi razılaşma olmuşdu. Sadəcə 2-ci Qarabağ Vətən Müharibəsinin başlanması, eyni zamanda pandemiya vəziyyəti bu keçidi bir qədər yubatdı. Bu yaxınlarda Rüstəm Əfsərli "Neftçi Media"da verilişinin qonağı olarkən, birbaşa efirdə "transfer"in nəhayət reallaşdığını deməsi isə mənim üçün xoş sürpriz oldu".

Həmkarımız uzun aradan sonra böyük futbolda etdiyi ilk şərhin çətinliklərindən də söz açıb: "Anoloji vəziyyəti ötən il "İdman TV"də çalışarkən də yaşamışdım. Pandemiya səbəbilə futbol üzrə ölkə çempionatlarında yaranan fasilə və bizim bir neçə ay şərhlərdən kənar qalmağımız yəqin ki, yadınızdadır. Yarışların bərpasından sonra isə ilk şərhim Rur derbisi olmuşdu. O zaman da müəyyən həyəcan var idi. Ümumiyyətlə idman şərhçisi kimi artıq 12 ildir çalışsam da, həyəcan indinin özündə də mövcuddur. Canlı efir, məsuliyyət istər-istəməz təsir edir. Budəfəki vəziyyət isə bir qədər fərqli və qəribə oldu. Həm yeni iş yerimdə debütüm, həm də aylar sonra böyük futbolda şərhci kimi yenidən izləyicilərin qarşısına çıxmaq olduqca həyəcanlı idi. Şükürlər olsun ki, pis alınmadı. Bu baxımdan istər CBC Sport rəhbərliyi və əməkdaşlarının dəstəyi, istər sosial şəbəkələrdə yazılan xoş ifadələr, istərsə də ətrafımda olan yoldaşların reaksiyası mənə əlavə stimul verdi. Hər birinə təşəkkür edirəm. Ümid edirəm ki, CBC Sport rəhbərliyinin etimadını da artıqlaması ilə doğruldacam.

Bəli, razılaşmaya əsasən hər iki TV-də fəaliyyətimi davam etdirəcəm. Hər hansı çətinliyin olmayacağına inanıram. Çünki sevdiyim işlə məşğulam. Maşallah olsun ki, "Neftçi TV"də artıq hər şey relsə düşüb. Kiçik kollektivimizin işinin öhdəsindən layiqincə gəldiyini əminliklə söyləyə bilərəm. CBC Sport telekanalında isə yerli çempionat oyunları istisna olmaqla futbol matçlarının şərhçisi kimi çalışacam. Bununla yanaşı digər idman növləri üzrə də şərhlərə də hər zaman hazıram. Yaxın gələcəkdə isə sağlıq və razılıq olsa, yeni layihə və verilişlərlə də tamaşaçıların qarşısına çıxmaq istəyərəm".

Digər Xəbərlər
Xəbər Lenti