Honda "Neftçi"yə nə verə bilər? - SÜRPRİZ TRANSFER SORĞUSU

9 Mart 2021 13:00 Maraqlı 1 340
Honda "Neftçi"yə nə verə bilər? - SÜRPRİZ TRANSFER SORĞUSU

"Neftçi'nin Keysuke Hondanı transfer etməsi xəbəri futbol içtimaiyyətində geniş müzakirələrə yol açdı.

Bir vaxtlar "Milan"da çıxış etmiş məşhur yaponiyalı futbolçunun "flaqman"a gəlişinə "yersiz transfer" damğası vuranlar olduğu kimi, faydası dəyəcəyini düşünənlər də az olmadı.

Görəsən, bu transfer "Neftçi"yə nə verə bilər və ya "Neftçi" bu transferlə nə itirə bilər?

İdman mətbuatının tanınmış mümayəndələri mövzu ilə bağlı Sportinfo.az-a danışıblar.

Amal Abışov (Sport7.az) - "Hər iki mövqedə həqiqət payı var. Hondanın əvvəlki Honda olmadığı məlum məsələdi. İndiyə qədər yaşının o çağında Azərbaycana üz tutan xeyli tanınmış futbolçu olub. Qoy Honda da gəlsin. Ən azından "Neftçi" Yaponiyada özünə azarkeş qazanar, bəlkə Bakıda edə bilmədiklərini Tokioda edərlər, forma satışından pul qazanarlar. Yaponların "Qalatasaray"ın oyunlarına necə maraq göstərdiyini hamımız yaxşı xatırlayırıq. Azərbaycan premyer liqasının səviyyəsi məlumdu, Honda burda itib-batmaz. "Neftçi" isə forma satıb, pulunu çıxara bilməsə, bu transferdən pul itirəcək. Çünki lap elə Honda xarüqələr yaratsa belə, komandanın Çempionlar Liqasının qrupunda oynayacağı, UEFA-dan gəlir əldə edəcəyi inandırıcı deyil. Deməli, "Neftçi"nin istənilən transferə görə düşdüyü xərc büdcədən gedir, geridönüşü olmayan xərcdi".

Rəşad Ergün (Komanda.az) - "Bizdə bu cür bir neçə nümunə olub. Emil Mpenza vaxtı ilə "Neftçi"yə, Azərbaycan futboluna nə qazandırdı? Maykl Essyen "Səbail"ə, Azərbaycan futboluna nə verdi? Bir vaxtlar ulduz olmuş bu futbolçulara görə azərbaycanlı azarkeşlər stadionlara axışdı? Yox! "Neftçi", "Səbail" bu futbolçulara görə marketinqdən milyonlar qazandı? Yox! Əksinə, milyonları bu futbolçuların özlərinə verdilər. Ağıllı, məntiqli adamlar keçmişi xatırlayıb, dərs çıxaranlardır. Təəssüf ki, Azərbaycan futbolunda da ağıllı, məntiqli adamların sayı çox deyil. Elə ona görə də, hər dəfə eyni şeylər, səhvlər təkrarlanır. Guya Honda gəlib Azərbaycan Premyer Liqasında oynasa, bütün dünya bizdən danışacaq? Yoxsa Honda gəldi deyə, başqa ulduz futbolçular da bura axın edəcək? Bunlar hamısı nağıldır. Əvvəlcə çempionatını düzəlt, normal sayda komandan olsun, rayonlarda mal-qara otlayan stadionlarının gününə ağla, ondan sonra marketinq tərəfini düşün. Ölkənin futbol təsərrüfatı rüsvayçı vəziyyətdədir, biz isə Honda dərdindəyik. Bura heç köhnə "Jiquli" də gəlməməlidir. Hə, o başqa məsələ ki, şəxsən mən Honda kimi tanınmış futbolçunu Azərbaycan Premyer Liqasında görmək istərəm. Ancaq bu, nəyisə dəyişmir. Hondanın bura gəlməsinin nəyisə dəyişməyəcəyi kimi".

Anar Xanlarov (Rekord.az) - "Açığı, ilk günlər bu söhbət çıxanda ciddi qəbul etmədim. Düşündüm ki, kimsə yəqin reklam niyyətli olaraq bu söhbəti ortaya atıb. Lakin klub rəsmən təsdiq edəndən sonra ciddi qəbul etdim. O ki, qaldı Hondanın "Neftçi"yə fayda verib-verməyəcəyinə, bu haqda nə isə demək çox çətindir. Hondanın 35 yaşı var. Aktiv karyerasını demək olar ki, başa vurub. Hətta Kambociya millisində baş məşqçi kimi fəaliyyətə də başlayıb. Bu adam hazırda hansı formadadır, çəkisi, fiziki göstəriciləri necədir, bunu da bilmirik. Hər halda, Bakıya gələn Honda "Milan"da oynayan Honda deyil. Əgər klub rəsmləri həqiqətən Hondanı komandaya fayda verəcək səviyyədə olduğu üçün "Neftçi"yə dəvət edibsə, bunun nəticəsini meydançada görəcəyik. Yox, kimlərsə bununla "Neftçi"nin reklamını düşünübsə, bəribaşdan deyim ki, uğursuz reklam olacaq".

Sənan Abdullayev (Xəzər tv) - "Bu transferin reklam xarakterli olduğunu düşünürəm. Yəni klubla reklam və ya sponsorluq anlaşması olan şirkətlərdən birinin təklifi, dəstəyilə gerçəkləşdiyi fikrindəyəm. Hondanın kimdənsə açıq şəkildə geri qalacağını düşünmürəm, amma "Neftçi"ni çempion edəcək biri də deyil. "Ağ-qaralar"ın heyətində onu kənarda qoyacaq kimsə yoxdu. Uzaqbaşı indiki durumunu və yaşını nəzərə alsaq başabaş kimsə olacaq ki, belədə reklamçıların dəstəyi normal olaraq önə keçəcək. Şəxsi düşüncəm budur ki, Honda böyük nəticə yox, amma sosial şəbəkələrdə "Neftçi"yə böyük təqibçi kütləsi verəcək. Samir Abbasovun da hər nə qədər sosial layihə desələr də, Kamboca millisi ilə məşqçilik atmosferinə girmiş biri üçün sinov getdiyi inanılası deyil. Sadəcə, ən azından heyətdə əlavə bir oyunçudur. Üstəlik, bəlkə də onun üçün Emin Mahmudovla Namiq Ələsgərovun yarımçıq liderliyini aradan qaldırmaq baxımından bir ümid yeridir".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!