Ceyhun Sultanov "Keşlə"yə yeni baş məşqçi tapdı

2 Dekabr 2020 13:00 Şamaxı 1 970
Ceyhun Sultanov "Keşlə"yə yeni baş məşqçi tapdı

Yaxınlarda «Neftçi»nin baş məşqçi postundan uzaqlaşdırılan Füzuli Məmmədov yenidən «Keşlə»də peyda ola bilər.

Sportinfo.az-ın məlumatına görə, klubun idarəçiliyinə gətirilən Ceyhun Sultanov yaxın dostunu da bura qaytarmağa çalışır.

Paytaxt təmsilçisində icraçı direktor səlahiyyətlərinin icrasına qeyri-rəsmi olaraq başlayan «Neftçi»nin sabiq idman direktoru artıq belə bir təşəbbüslə çıxış edib.

Bu, Yunis Hüseynov üçün ciddi siqnaldır və ona təhlükə vəd edir. Ceyhun Sultanov onu baş məşqçi postundan tərpətmək niyyətindədir və ilk fürsətdə əlinə düşən şansı dəyərləndirmək istəyəcək.

Yazılmamış qayda-qanun belədir: yeni gələn rəhbər şəxs öz «komanda»sını formalaşdırır. Məmmədov da Sultanovun yaxın çevrəsinə daxildir və o, illər əvvəl ayrıldığı «Keşlə»yə dönərsə, Hüseynov başının üzərindən «domokl qılıncı» kimi açılacaq.

Bəlkə də bunun üçün uzun müddət gözləmək lazım gəlməyəcək. Komanda Premyer Liqanın geridə qalan hissəsini yetərincə qeyri-sabit keçirib və gedişat heç də yaxşı perspektiv vəd eləmir.

Düşərgədə narazılıq və narahatlıq mövcuddur, əsasən də futbolçularla baş məşqçi arasında. Onların əksəriyyəti Hüseynovun məşq proseslərindən məmnun deyil, üstəlik, nizam-intizam da aşağı səviyyədədir.

Düzdür, Füzuli Məmmədov Yunis Hüseynovdan qətiyyən üstün məşqçi sayıla bilməz. Hətta deyərdik ki, ondan da zəifdir. Sadəcə, Ceyhun Sultanov qarşısına məqsəd qoyub ki, ondan mütləq məşqçi düzəldəcək.

Bu, «Neftçi»də alınmadı, bütün planlar fiaskoya uğradı, indi isə sıra «Keşlə»dədir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!