"Orada canını qoyan hər bir qardaşımın qarşısında baş əyirəm”

11 Oktyabr 2020 20:30 Şamaxı 541
"Orada canını qoyan hər bir qardaşımın qarşısında baş əyirəm”

Sportinfo.az xəbər verir ki, beş turdan sonra Azərbaycan Premyer Liqasında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri də Vüsal İsgəndərlidir.

Bu üzdən Canni De Byazinin onu milliyə çağırmaması çoxlarına qaranlıq qaldı. Həm bu məsələ, həm də “Keşlə”nin çempionatdakı çıxışı ilə bağlı Vüsalla söhbətləşdik.

O, italyan mütəxəssisin heyət seçimindən, daha doğrusu, özünün kənarda qalmasından narazılığını gizlətmədi.

- 5 turdan sonra ikinci pillədə qərarlaşmısız. Komandanızın oyununu necə dəyərləndirərdin?
- Yeni baş məşqçinin rəhbərliyi altında yeni komanda formalaşır. Müəyyən problemlərimiz var, amma ümumilikdə yaxşı çıxış edirik. İnşallah, daha da uğurlu nəticələr qazanacağıq.

- “Keşlə”nin qeyri-sabit çıxışının səbəbi nədi?
- Mən belə deməzdim. Sadəcə, bəzi oyunlarda bəxtimiz gətirməyib. Heyətdə zədəli futbolçular da var. Bu səbəbdən də rotasiyalar edilib. Vaxt ötdükcə hər şey daha da yaxşı olacaq.

- Sanki son zərbələrdə problem yaşayırsız...
- Məncə, tələskənlik edirik. Ümumilikdə komanda oyunu oynayırıq. Hücum xəttimizdə Silvio çox yaxşı çıxış edir. Rəqib qolkiperlər, müdafiəçilər bizə qarşı xüsusi aqressivliklə oynayırlar. Bu da sözünü deyir. Buna baxmayaraq, qol vurmaqda problem yaşadığımızı düşünmürəm.

- “Sabah”la son səfər matçında qol vuraraq əsgər salamı verdin...
- Çox istəyirdim ki, bu tur fərqlənim. Allah istəyimi eşitdi. Alvaro Tavaresə xüsusi təşəkkür edirəm ki, mənə ötürmə etdi. Qolumu əsgərlərimizə, bütün şəhid olanlara, onların ailələrinə həsr edirəm.

- Canni De Byazi bir neçə gün öncə Millətlər Liqasının növbəti oyunları üçün heyəti açıqladı. Dəvət alanlar arasında adına rast gəlmədik. İtaliyalı mütəxəssis niyə səni kənarda qoydu?
- Bu dəqiqə məni ən çox üzən məsələ budu. Özümü millinin bir parçası kimi hiss etmək istəyirəm. Buna hazıram. Əlimdən gələni edirəm ki, yığmanın heyətinə çağrılım. Bundan sonra da hər şey edəcəm ki, baş məşqçimiz mənə də dəvət göndərsin.

- Özünü milliyə çağrılanlardan zəif, yoxsa güclü hesab edirsən?
- Çempionatda sabit şəkildə meydanda olan və qol vuran futbolçulardanam. Kiminsə güclü, kiminsə zəif olduğunu deyə bilmərəm. Amma özümü milli üçün hazır hiss edirəm. Arzu edirəm ki, milli komandamız indiki həssas məqamda qələbələr qazanıb, xalqımızın sevincinə sevinc qatsın. Hazırda buna çox ehtiyyacımız var.

- Sənin də məcburi köçkün statusundan qurtulmağına az qalıb...
- İnşallah! Tanrı mənə o günü görməyi qismət etsin. Bütün gün ordumuzla bağlı xəbərləri izləyirəm. Qara Qarayev kimi mən də Füzulidənəm. Qacar kəndindən məcburi köçkün olmuşuq. İnşallah, cənab prezidentimiz İlham Əliyev bir neçə günə Füzulinin işğaldan azad olunduğunu açıqlayar. Nəinki Füzuli, bütün Qarabağ işğaldan azad olsun, gedək öz doğma yurdumuzda məskən salaq. İşğaldan azad olunan torpaqlarımızda məskunlaşan bütün azərbaycanlıları təbrik edirəm. İnşallah, tezliklə digər rayonlarımızın vətəndaşları da bu sevinci yaşayarlar.

- Ermənilər mülki əhaliyə atəş açırlar. Şəhid olanlar arasında gənc futbolçularımız da var...
- Allah hamısına rəhmət eləsin. “Sabah”la qarşılaşmada rəqibimiz Şəhriyar Qurbanov yazılı forma ilə meydana çıxmışdı. Onlara təşəkkür edirəm. İnşallah, bütün Qarabağı işğaldan azad edib, intiqamımızı mənfur düşməndən alarıq.

- Əsgərlərimizə nə demək istərdin?
- Bütün Azərbaycan hazırda onlarla nəfəs alır. Onların qələbə xəbərləri hamımızı sevindirir. Əlinə silah alıb, vətənimizi müdafiə edən, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda canını qoyan hər bir qardaşımın qarşısında baş əyirəm. Bütün Azərbaycan sizinlə fəxr edir! Siz bizim qəlbimizdə həmişə yaşayacaqsız. Tarix sizi heç zaman unutmayacaq, qəhrəman Azərbaycan oğulları! (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti