"Bacardıq! Deməzdim ki, bəxtimiz gətirdi"

28 Avqust 2020 00:10 Şamaxı 734
"Bacardıq! Deməzdim ki, bəxtimiz gətirdi"

“Bura gəlməzdən öncə çətin olacağını bilirdik. Çünki rəqibi təhlil etmişdik”.

Sportinfo.az xəbər verir ki, bunu “Laçi”nin baş məşqçisi Armando Kunqu Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə” ilə keçirilən oyun haqda danışarkən deyib.

“ASK Arena”da baş tutan görüşün 120 dəqiqəsində qapılara qol vurulmayıb. Penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib. Oyunsonrası mətbuat konfransında Kunqu bu sözləri deyib:

- Əvvəllər də bu komanda ilə oynadığımız üçün onları tanıyırdıq. Futbolda hər nəticə olur. Bu gün qələbə qazandığımız üçün çox şadıq. Bir futbolçumuz qırmızı vərəqə aldıqdan sonra uzun müddət 10 nəfərlə oynamalı olduq. "Keşlə" kimi rəqibə qarşı azlıqda çıxış etmək heç də asan olmadı. Belə olan təqdirdə futbolun qaydalarına əsasən müdafiə olunmağa və oyunu penaltilər seriyasına aparmağa çalışdıq. Bunu da bacardıq. Lakin matçın gedişində "Keşlə"də də bir oyunçu qırmızı vərəqə aldı. Həmin andan dəyişiklik edib, oyun ərzində qələbə qazanmağa çalışdıq. 2-3 qol epizodumuz olsa da, dəyərləndirə bilmədik. Komandamı və rəhbərliyi təbrik edirəm, futbolçularıma təşəkkür edirəm.

- Öncədən penaltilər seriyasına hazırlaşmışdınız?
- Əlbəttə, hazırlaşmışdıq. UEFA-nın yeni qaydalarına əsasən ümumi nəticəni bu görüşdə həll olunmalı idi. Buna görə penaltilər seriyasına hazır idik.

- Qələbəyə görə bəxtinizə, yoxsa "Keşlə"nin qeyri-dəqiqliyinə təşəkkür edirsiniz?
- Futbolda bəxt amili də böyük rol oynayır. Amma deməzdim bəxtimiz gətirdi. 2-3 qol şansımız oldu, dəyərləndirə bilmədik. Bu da bəxtsizliyimiz idi. Oyunçularımız xarakter nümayiş etdirdilər. Oyunçularımız qələbəyə layiq idilər.

- Azərbaycana ikinci dəfə gəlirsiniz. Bakıdan hansı təəssüratlarla ayrılırsınız?
- Bəli, ikinci səfərimdir. İlk dəfə "İnter"lə qarşılaşmışdıq və onlar mərhələ adlamışdılar. Bu dəfə qələbə üçün gəldik və bunu əldə etdiyimiz üçün şadıq.

Digər Xəbərlər
Xəbər Lenti