"Heç bir futbolçu mənə əsəbləşə bilməz, xasiyyətim buna imkan vermir"

26 Avqust 2020 18:50 Şamaxı 845
"Heç bir futbolçu mənə əsəbləşə bilməz, xasiyyətim buna imkan vermir"

“Sabah Albaniya klubu ilə ağır oyunumuz olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə sabah keçiriləcək oyun barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis qarşılaşma öncəsi “ASK Arena”dakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Komanda şəklində tam ciddi hazırlaşmışıq. Çempionat matçında da qələbə qazanmağımız əhvalımızı artırdı. İnanıram ki, sabah da yaxşı çıxış edib, qalib gələcəyik. Bu inamı mənə futbolçularımız verib. Rəqibi təhlil etmişik. "Laçi" zəif komanda deyil. Əksinə, ən güclü komandalardan biridir. Amma biz yaxşı nəticəyə ümid edirik. Şahruh Qadoyevin zədələnməsi problemdir. Amma digər zədəlilərimiz Con Kamara və Cavid İmamverdiyev sağalıb, sabah onların əməyindən istifadə edəcəyik”.

- Rəqibin hansı üstün cəhətləri sizi narahat edir?
- Deyə bilmərik ki, baxdığımız oyunun taktikası ilə çıxış edəcəklər. Çempionatla avrokubok fərqli olur. Hücum xətləri çox güclüdür. Orta sahədə olan bir təhlükəli oyunçuları da var. Zəif cəhətləri var, sabah onlardan yararlanmağa çalışacağıq. Onların hücumçusu 26 qol vurub, çempionatın bombardiri olub.

- Batista son oyunda sağ cinah müdafiəçisi kimi oynasa da, yarımmüdafiədə daha çox görünürdü. Sabah ona hansı mövqedə şans verəcəksiniz?

- Heyəti özüm üçün müəyyənləşdirmişəm. Amma indidən nəsə deyə bilmərəm. Təbii ki, ona şans verməyim gözlənilir.

- Yenidən məşqçiliyə qayıtmısınız. Həyəcan var?

- Xeyr, həyəcanım yoxdur. "Karvan"da olarkən avrokubokda mərhələ keçən ilk məşqçi mən olmuşam. Elə bir həyəcan yoxdur. İnşallah, sabah mərhələ adlayan tərəf biz olacağıq.

- Hücumda kimə güvənəcəksiniz?

- Heyəti heç vaxt öncədən açıqlamıram. Sabah hansı tam hazır olsa, o da oynayacaq. Bu gün hələ məşqimiz var.

- Son oyunda Kristovao əsəbi idi. Onunla söhbətiniz oldu?

- Deyirlər ki, guya mənə əsəbləşib. Amma heç bir futbolçu mənə əsəbləşə bilməz. Mənim xasiyyətim buna imkan vermir. Əvəzlədiyim oyunçu əsəbləşə bilməz (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti